"Bu, Cənubi Qafqaz üçün yeni inkişaf imkanları yarada bilər" - ŞƏRH EDİLDİ

6 Fevral 2026 16:21 (UTC+04:00)

"Əbu-Dabidə Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artıran və ölkəmizin humanitar dəyərlərə sadiqliyini nümayiş etdirən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, şübhəsiz ki, Azərbaycanın formalaşdırdığı uğurlu geosiyasi və diplomatik reallıqların nəticəsidir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu hadisələr regionda real sülhün təmin olunması və uzun illər gərgin olan Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilə bilər:

"Təbii ki, Ermənistan baş naziri ilə keçirilən bu görüş ikitərəfli münasibətlərin inkişafına, xüsusilə də sülh müqaviləsinin imzalanması istiqamətində qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verə bilər. Bununla yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi, kommunikasiyaların açılması və ortada mövcud olan konkret problemlərin mərhələli şəkildə həlli üçün real imkanlar yarana bilər. Xüsusilə nəqliyyat və tranzit layihələri, regional əməkdaşlıq formatları çərçivəsində praktiki işlərin başlanması və sülh müqaviləsinin növbəti mərhələdə yekunlaşdırılması əsas prioritetlər sırasında yer alır.

Bu proseslərin davamlı şəkildə müzakirə olunması və dialoqun qorunması etimad quruculuğu baxımından olduqca vacibdir. Artıq Azərbaycanda de-fakto sülh mühiti mövcuddur və əsas məqsəd bu reallığın de-yure sülhlə möhkəmləndirilməsidir. Məhz buna görə də belə görüşlərin əhəmiyyəti böyükdür və gələcəkdə də oxşar təmasların davam etməsi istisna olunmur.

Hazırda tərəflər arasında əlaqələrin genişləndirilməsi istiqamətində müəyyən addımlar atılır və bu prosesin uğurla nəticələnməsi üçün əlverişli şərait mövcuddur. Bununla yanaşı, Ermənistanda gözlənilən prezident və parlament seçkiləri daxili siyasi gündəmi ön plana çıxarsa da, Azərbaycan–Ermənistan münasibətlərində formalaşmış bu müsbət dinamikanın qorunub saxlanılması vacibdir. Regionda eskalasiyaya deyil, praqmatik yanaşmaya, qarşılıqlı maraqlara əsaslanan münasibətlərə üstünlük verilməsi hər iki tərəfin uzunmüddətli maraqlarına cavab verir. Mövcud proseslər göstərir ki, Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi çıxış edir və bu xəttin davam etdirilməsi Cənubi Qafqaz üçün yeni inkişaf imkanları yarada bilər".