Mərkəzi Bankın pul-kredit siyasəti ölkədə inflyasiyanın səviyyəsinə, milli valyutanın sabitliyinə və maliyyə bazarlarının inkişafına necə təsir göstərir və bu siyasətin real sektor, əhalinin rifahı və biznes mühiti üçün nəticələri nələrdir?
Azərbaycan Respublikasının Mərkəzi Bankından SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bankın əsas mandatı ölkədə qiymət sabitliyinin təmin edilməsidir. Mərkəzi Bankın həyata keçirdiyi pul siyasəti inflyasiyanın hədəf diapazonunda (4±2%) saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mərkəzi Bank sərəncamında olan pul siyasəti alətləri vasitəsilə pul kütləsi, valyuta məzənnəsi və faiz dərəcələrinə təsir göstərməklə qiymət sabitliyinə nail olmağa çalışır. Pul siyasəti alətləri vasitəsi ilə uçot dərəcəsinin dəyişimi əvvəlcə pul bazarında qısamüddətli faizlərə, sonrakı mərhələdə isə uzunmüddətli faiz dərəcələrinə ötürülür. Bu isə ölkədə ev təsərrüfatlarının və biznes subyektlərinin istehlak və investisiya qərarlarına və nəticədə məcmu tələbə təsir göstərir. Eyni zamanda pul siyasəti qərarları ev təsərrüfatlarının və biznes subyektlərinin inflyasiya gözləntilərinin sabitləşməsinə də xidmət edir. İkitərəfli məzənnə öz növbəsində çöxtərəfli məzənnə (nominal effektiv məzənnə) vasitəsilə idxal qiymətlərinə, o isə öz növbəsində daxili qiymətlərə ötürülür.
Aşağı inflyasiya istehlakçılar və biznes üçün əlverişli iqtisadi mühit deməkdir. Qiymət sabitliyi sahibkarlara və ev təsərrüfatlarına imkan verir ki, onlar öz planlarını əminliklə və daha uzunmüddətli dövrə tərtib etsinlər. Aşağı inflyasiya milli valyutanın sabit alıcılıq qabiliyyətini təmin edir. Stabil aşağı inflyasiya gəlirlərin və yığımların dəyərsizləşməsinin qarşısını alaraq milli valyutada uzunmüddətli yığımları stimullaşdırır, dollarlaşmanı və faiz dərəcələrini azaldır. Bütün bunlar da iqtisadi artıma, maliyyə sabitliyinə və ümumilikdə əhalinin rifahına müsbət müsbət təsir göstərir.
Mərkəzi Bank tərəfindən 2022-ci ilin ikinci yarısından bəri pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi, pul siyasətinin transmissiyasında faiz kanalının gücləndirilməsi istiqamətində bir sıra mühüm islahatlar həyata keçirilmişdir. Belə ki, yeni pul siyasəti alətlərinin (daimi imkan alətləri və açıq bazar əməliyyatları) tətbiqinə başlanılmış, banklararası pul bazarının effektiv fəaliyyəti üçün infrastruktur təmin olunmuş və banklararası təminatsız bazarda qısamüddətli istinad faizinin (AZIR) formalaşmasına nail olunmuşdur. Artıq banklararası təminatsız bazarda qısa müddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində və uçot faiz dərəcəsinə yaxın idarə edilir. 2025-ci ildə banklararası pul bazarında gedən proseslərin təhlili və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ekspertləri ilə əməkdaşlıq çərçivəsində AZIR indeksinin hesablanmasının daha təkmil qaydaları hazırlanıb təsdiq edilmişdir. Bu dəyişikliklər indeksin dərcində fasilələrin aradan qaldırılmasına, bazar iştirakçıları tərəfindən istinad dərəcəsi kimi davamlı istifadəsinə imkan verir.