“Sülh Qalxanı-2026” Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının gücünü dünyaya göstərdi” - ŞƏRH OLUNDU

6 Fevral 2026 14:34 (UTC+04:00)

“Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin prezidentlərinin Əbu-Dabidə keçirilən “Sülh Qalxanı- 2026” birgə əməliyyat-taktiki hərbi təlimini birgə izləməsi mahiyyət etibarilə təkcə hərbi hadisə deyil, eyni zamanda güclü siyasi və geostrateji məzmun daşıyan addımdır”.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.

Onun sözlərinə görə, bu fakt Azərbaycan–BƏƏ münasibətlərinin artıq klassik diplomatik əməkdaşlıq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq mərhələsinə keçdiyini açıq şəkildə nümayiş etdirir:

”Təlimlərin formatı, miqyası və dövlət başçılarının şəxsən iştirakı bu əməkdaşlığın həm regional, həm də beynəlxalq auditoriyaya ünvanlanmış ciddi mesaj xarakteri daşıdığını göstərir.

Birgə təlimlərin məhz əməliyyat-taktiki səviyyədə təşkili tərəflər arasında yüksək etimad mühitinin formalaşdığını sübut edir. Bu cür təlimlər yalnız hərbi texniki bacarıqların təkmilləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda qərarvermə mexanizmlərinin sınaqdan keçirilməsi, komanda-idarəetmə sistemlərinin uyğunlaşdırılması və real döyüş ssenarilərinə hazırlığın qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ordusunun bu səviyyəli beynəlxalq hərbi təlimlərdə iştirakı onun peşəkarlıq göstəricilərini yüksəltməklə yanaşı, müasir hərbi standartlara uyğunlaşma prosesini də sürətləndirir. Bu kontekstdə “Sülh Qalxanı- 2026” təlimi hərbi-strateji və texnoloji baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Dövlət başçılarının birgə təlimi izləməsi isə bu əməkdaşlığın siyasi çəkisini daha da artırır. Prezidentlərin birbaşa iştirakı göstərir ki, sözügedən əməkdaşlıq yalnız taktiki səviyyədə koordinasiya deyil, uzunmüddətli və institusional xarakter daşıyan strateji tərəfdaşlıq niyyətinin təzahürüdür. Bu addım eyni zamanda regionda fəaliyyət göstərən digər aktorlara Azərbaycan–BƏƏ münasibətlərinin sabit, etibarlı və davamlı xarakterə malik olduğu mesajını ötürür. Təhlükəsizlik sahəsində birgə fəaliyyətin ən yüksək siyasi səviyyədə dəstəklənməsi tərəflərin gələcək perspektivlərə hesablanmış planlara hazır olduğunu göstərir.

Təlimin adında “sülh” anlayışının vurğulanması isə ayrıca diqqətəlayiqdir. “Sülh Qalxanı” ifadəsi hərbi gücün hücum və aqressiya vasitəsi kimi deyil, sabitliyin, təhlükəsizliyin və preventiv müdafiənin təmin edilməsi aləti kimi dərk edildiyini simvolizə edir. Bu yanaşma xüsusilə post-münaqişə mərhələsində olan Cənubi Qafqaz regionu üçün mühüm mesajdır və beynəlxalq ictimaiyyətə Azərbaycanın təhlükəsizlik siyasətində sülhün qorunmasını prioritet hesab etdiyini nümayiş etdirir.

Regional kontekst baxımından “Sülh Qalxanı- 2026” təlimi Azərbaycanın təhlükəsizlik siyasətində şaxələndirmə strategiyasını ardıcıl şəkildə həyata keçirdiyini göstərir. Azərbaycan yalnız ənənəvi tərəfdaşlarla deyil, eyni zamanda Yaxın Şərqin texnoloji və hərbi potensial baxımından qabaqcıl dövlətləri ilə əməkdaşlığı genişləndirməklə öz geosiyasi manevr imkanlarını artırır və potensial risklərə qarşı daha dayanıqlı mövqe formalaşdırır. Birləşmiş Ərəb Əmirlikləri üçün isə bu əməkdaşlıq Cənubi Qafqazda etibarlı tərəfdaşla mövcudluğunu möhkəmləndirir və onun regional nüfuzunu gücləndirən amil kimi çıxış edir.

“Sülh Qalxanı- 2026” birgə əməliyyat-taktiki təlimi Azərbaycanın sülh gündəliyini irəli apardığını, eyni zamanda bu sülhü təmin və qorumaq üçün zəruri hərbi və siyasi resurslara malik olduğunu açıq şəkildə ortaya qoyur. Bu təlim Azərbaycan-BƏƏ münasibətlərinin strateji mahiyyətini təsdiqləməklə yanaşı, regional təhlükəsizlik arxitekturasında yeni əməkdaşlıq modelinin formalaşdığını da nümayiş etdirir”.