"Tramp hakimiyyətə gəldikdən sonra xarici siyasətində radikal dəyişikliklərə getdi və hədəf oxlarını ənənəvi qaydada öyrəşdiyimiz istiqamətlərə deyil, fərqli istiqamətlərə yönləndirdi".
Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, heç şübhəsiz, bu baxımdan qeyd olunmalıdır ki, Venesuela lideri qəfil şəkildə zorla ələ keçirildi, Qrenlandiyaya qarşı ekspansionist ambisiyalar ifadə edildi və bununla da Tramp strateji diqqətini Qərb yarımkürəsinə doğru dəyişdiyini açıq şəkildə nümayiş etdirdi: "Belə olan məqamda ağıllara bir sual gəldi ki, Trampın hədəflərinin heç birinin Çinin qonşuluğunda olmaması Çində rahatlığa ya narahatlığa səbəb ola bilərmi? Çünki ABŞ Çini sürətləndirici təhdid kimi görürdü. Trampın və onun rəsmilərinin bəziləri bildirir ki, ABŞ-ın hərəkətləri qismən Çinin təsirinə qarşı çıxmaq məqsədi daşıyır. Soyuq müharibədən sonrakı dönəmə nəzər yetirdiyimiz zaman Çinin narahatlıq duyduğu iki məsələ var idi. Bunlardan biri ABŞ-ın İraqa müdaxiləsi, ikincisi isə Birləşmiş Millətlər Təşkilatının rəsmi icazəsi olmadan Saddam Hüseynin devrilməsi. Habelə, ABŞ-ın İraq və Əfqanıstandakı müharibələrə başının qarışması onun diqqətini, eyni zamanda resurslarını tükətdi. Belə bir düşüncə var ki, ABŞ bu resursları sözügedən regiona sərf etməsə idi, bunu Çinə qarşı istifadə edə bilərdi. Çin qarşısında iki əsas amili qoyub. ABŞ BMT nizamnaməsini pozaraq xarici bir dövlətə hücum edə bilərmi və Çinin təhlükəsizliyinə nə dərəcədə birbaşa təhdiddir? Çin ABŞ-ın Venesueladakı hərəkətlərinə etiraz etdi. Şübhəsiz ki, Venesuelayla bağlı Çinin narahatlığı var. Çünki Çin xam neftinin təxminən 4%-ini Venesueladan alır və təbii ki, ABŞ-ın müdaxiləsindən sonra ölkənin investisiya mühiti Çin üçün əlverişsiz bir duruma düşür. Hətta belə düşünülür ki, Trampın diqqətləri Qərb yarımkürəsinə çevirməsi onun aprel ayında Çinə səfəri zamanı meydana çıxa biləcək mümkün ABŞ-Çin böyük bir sövdələşməsinə işarə edə bilər. Yəni, dünya nizamının bölüşdürülməsi bir tərəfdə Çinin Qərb yarımkürəsində iqtisadi və geosiyasi təsirinin genişlənməsini məhdudlaşdırmaq, bunun müqabilində ABŞ-ın Asiya, Sakit Okean bölgəsində Çinin əsas maraqlarını təmin etməsi lazımdır. Pekin düşünür ki, ABŞ demokratiya və liberal dəyərləri inkişaf etdirmək bəhənəsi ilə digər ölkələrin neft və digər resurslarını ələ keçirmək vərdişi ortaya qoyur. Çinin liberal düşüncə sahiblərinin belə bir qənaəti var ki, onlar ABŞ-ın hərəkətlərindən məyusdurlar. Çünki ABŞ-ın hazırda etdiyi şey Amerikanın qeyri-liberal rəqiblərinin davranışından daha pisdir.
Bu baxımdan, Tramp həm də liberal dəyərlərə kölgə salan bir lider kimi dəyərləndirilir. Tramp diplomatiyanı kommersiya sövdələşmələri ilə əvəz edir, beynəlxalq nizamı isə ortaq məcburi qaydalar sistemi kimi deyil, bir sıra əməliyyatlar kimi qəbul etdirir. Bu, Trampın dünyagörüşünün ifadəsidir.
Regionumuza gəldikdə inkarolunmaz faktdır ki, 8 avqust razılaşmalarından sonra Ermənistanla Azərbaycan arasında heç zaman olmadığı nəticələr əldə olundu və Cənubi Qafqaz böyük layihələrin icra məkanına çevrilir.
Trampın addımlarında seçilən bir məsələ də var ki, siyasi qərarlarını qurumlara həvalə etmir, yəni Trampın ABŞ-ın xarici siyasət bürokratiyasına şübhə ilə yanaşdığını görürük. Odur ki, o, etibar etdiyi şəxslərə səlahiyyət verməyə, güvənməyin şəxsi münasibətlərə və işgüzar bacarıqların qurumların edə bilmədiyi nəticələr verə biləcəyinə inanır. Məsələn, Steve Witkoff-a duyduğu etibar bunu aydın göstərir.
Zəngəzur dəhlizi, Orta Dəhliz açardır. Bu baxımdan sözügedən dəhliz xüsusən də Türkiyə və onun Qərb tərəfdaşları üçün daha yüksək strateji əhəmiyyət kəsb edir. Tramp həm də vacib minerallara çıxış əldə etmək istəyir. O, Çinlə rəqabətin güclənəcəyini gördüyündən etibarlı təchizat zəncirlərini təmin etməyi ABŞ-ın əsas məqsədinə çevirib. Orta Asiyada böyük miqdarda vacib mineral ehtiyatlarının mövcudluğu ABŞ-ın C5+1 platforması vasitəsilə Mərkəzi Asiyanın 5 dövləti ilə əlaqələrini daha da genişləndirməyə və dərinləşdirməyə əsas verir".