Onlayn ticarətdə dələduzluq hallarından necə qorunmalıyıq? - EKSPERT DANIŞDI

6 Fevral 2026 12:22 (UTC+04:00)

“Rəqəmsal və onlayn ticarət mühitindən istifadə edən hər bir şəxs bu sahənin istifadə qaydaları və mümkün riskləri barədə kifayət qədər məlumatlı olmalıdır”.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, vətəndaş bu sahədə bilik və təcrübəyə malik deyilsə, ya öncədən ətraflı şəkildə maariflənməli, ya da ənənəvi ticarət üsullarına üstünlük verməlidir:

“Çünki yalnız cüzi qiymət fərqi, yaxud “başqalarından geri qalmamaq” düşüncəsi ilə verilən tələsik qərarlar insanları asanlıqla dələduzluq hallarının qurbanına çevirə bilir.

Şübhəsiz ki, mövcud qanunvericiliyə əsasən vətəndaşların, o cümlədən istehlakçıların hüquqları dövlət tərəfindən qorunur. Lakin bu cür halların artması həm hüquq-mühafizə orqanlarının iş yükünü artırır, həm də vətəndaş üçün ciddi maddi və psixoloji narahatlıq yaradır. Bu səbəbdən əsas məsuliyyət yalnız dövlət qurumlarının deyil, eyni zamanda hər bir fərdin üzərinə düşür.

Vətəndaşlara tövsiyə olunur ki, şəxsi və bank məlumatlarını üçüncü şəxslərlə paylaşmasınlar, tanımadıqları platformalara kart rekvizitlərini daxil etməsinlər və bank hesabına dair məlumatların yalnız şəxsin özünə məxsus olduğunu unutmasınlar. Təcrübədə rast gəlinən hallar göstərir ki, sadə və diqqətsiz davranışlar belə ciddi hüquqi problemlərə yol aça bilər. Məsələn, real hadisələrdən birində bankomatdan pul çıxaran şəxs, tanımadığı birinin xahişi ilə öz hesabına pul qəbul edib onu nağdlaşdıraraq qarşı tərəfə təqdim etmiş, müəyyən müddət sonra isə hüquq-mühafizə orqanları tərəfindən dələduzluq faktı ilə bağlı izahat verməyə çağırılmışdır. Bu kimi hallar onu göstərir ki, xoşniyyətli, lakin məsuliyyətsiz davranış belə vətəndaşı istintaq subyektinə çevirə bilər.

Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayılan dələduzluq xəbərləri yalnız məlum olan faktların bir hissəsidir. Reallıqda isə bu cür hadisələrin miqyası daha genişdir. Xüsusilə bank, polis və digər dövlət qurumlarının adından edilən saxta zənglər və göndərilən mesajlar vətəndaşlar üçün ciddi təhlükə mənbəyidir. Belə hallarda vətəndaşlar heç bir halda şəxsi məlumatlarını paylaşmamalı, birbaşa həmin quruma müraciət edərək məlumatın doğruluğunu dəqiqləşdirməlidirlər. Eyni zamanda ölkə xaricindən daxil olan naməlum zənglərə və şübhəli keçid linklərinə cavab verilməməsi tövsiyə olunur.

Hüquqi mexanizmlərə gəldikdə isə, vətəndaşlar dələduzluq halı ilə üzləşdikdə Daxili İşlər Nazirliyinin 102 Xidməti vasitəsilə polisə müraciət edə, polis orqanlarına ərizə təqdim edə və ya inzibati qaydada məhkəməyə müraciət etmək hüququna malikdirlər. Bununla belə, praktika göstərir ki, dələduzluq hallarının əksəriyyəti nisbətən kiçik məbləğlərlə bağlı olur. Dələduzlar da məhz bu psixoloji amildən istifadə edərək, vətəndaşların az məbləğə görə şikayət etməkdən çəkinəcəyini hesablayırlar. Kütləvi və sistemli dələduzluq halları isə artıq daha ciddi hüquqi nəticələr doğurur.

Dələduzluğa qarşı mübarizədə hüquqi mexanizmlər mövcud olsa da, ən effektiv qorunma vasitəsi vətəndaşın özünün ayıq-sayıq, məsuliyyətli və məlumatlı davranışıdır. Rəqəmsal dövrdə təhlükəsizlik yalnız texniki deyil, eyni zamanda sosial və fərdi şüurun formalaşmasından asılıdır”.