“Qaraciyər transplantasiyasından sonra pasiyentlərin stasionarda təqibi” mövzusunda elmi simpozium və metodik vəsaitin təqdimatı keçirilib

6 Fevral 2026 12:04 (UTC+04:00)

5 fevral 2026-cı il tarixində Dövlət Gömrük Komitəsində “Qaraciyər transplantasiyasından sonra pasiyentlərin stasionarda təqibi” mövzusunda elmi simpozium və metodik vəsaitin təqdimatı keçirilib. Tədbiri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalı birgə təşkil ediblər.
Simpoziumda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının təməlində duran əsas prinsiplərdən biri də əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətləri ilə tam təmin olunmasıdır. Komitə sədri son illər ölkəmizdə orqan transplantasiyası sahəsində də mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib, eləcə də Mərkəzi Gömrük Hospitalında bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov məlumat verib ki, simpoziumun keçirilməsində əsas məqsəd qaraciyər transplantasiyasından sonra xəstələrin stasionar mərhələdə effektiv menecmenti və postoperativ dövrdə ağırlaşmaların qarşısının alınması sahəsində tibbi heyətin bilik və bacarıqlarını artırmaq, transplantasiya sahəsində ən son elmi və praktik təcrübələri müzakirə etməkdir.
Daha sonra Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov çıxış ediblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyevin moderatorluğu ilə keçirilən simpoziumda Mərkəzi Gömrük Hospitalının həkim-transplantoloqu Mircəlal Kazıminin “Qaraciyər transplantasiyasından sonra pasiyentlərin erkən menecmenti”, Səhiyyə Nazirliyinin şöbə müdiri Hüseyn Camalovun “Donorluq və transplantasiya: hüquqi çərçivə və sosial təsirlər”, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Rəşad Nəsirlinin “Əməliyyat otağından reanimasiya və intensiv terapiya şöbəsinə köçürülmə” və Hospitalın həkim-infeksionisti Mədinə Abdullayevanın “Solid orqan transplantasiyası olan xəstələrdə səhiyyə xidməti ilə əlaqəli infeksiyalar və qarşısının alınması” mövzularında məruzələri dinlənilib.
Tədbir panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə keçirilib.