"Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən "Zayed İnsan Qardaşlığı" mükafatının təqdimetmə mərasimində Donald Trampa ünvanladığı təşəkkür mesajı, sadəcə diplomatik bir nəzakət deyil, Azərbaycan-ABŞ münasibətlərindəki strateji transformasiyanın və regionda formalaşan yeni təhlükəsizlik arxitekturasının rəsmi təsdiqidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1).jpg)
Onun sözlərinə görə, Bakı üçün Tramp administrasiyası ilə işləmək, ideoloji şablonlardan və "dəyərlər diplomatiyası"nın yaratdığı süni baryerlərdən uzaq, tamamilə maraqlar üzərində qurulmuş realizm deməkdir: "Əliyevin "son 6 ayda sülh içində yaşamağın xüsusi bir hiss olduğunu" vurğulaması, 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış sülh çərçivə sazişinin və ABŞ-ın vasitəçiliyi ilə əldə olunan nəticələrin artıq kağız üzərində deyil, regionun iqtisadi-siyasi mənzərəsində real tərəqqiyə çevrildiyinə işarədir.
Bu yeni mərhələnin ən mühüm sütunu, şübhəsiz ki, TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsidir. Vaşinqtonun dəstəyi ilə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən bu nəqliyyat dəhlizi, ABŞ-ın Cənubi Qafqaza baxışını "münaqişənin idarə olunması"ndan "qlobal logistik mərkəzin yaradılması"na doğru dəyişib. Azərbaycan-ABŞ əlaqələrini şərh edərkən aydın görünür ki, Tramp administrasiyası Bakını artıq sadəcə enerji tərəfdaşı deyil, həm də Mərkəzi Asiyadan Avropaya uzanan ticarət yollarının (Trans-Xəzər marşrutu) əsas düyün nöqtəsi və regional sabitliyin təminatçısı kimi qəbul edir. ABŞ-ın Azərbaycana müdafiə məhsulları, o cümlədən zirehli texnika və patrul qayıqları satmaq niyyəti, hərbi-texniki əməkdaşlıqda uzun illərdir mövcud olan tabuların qırılmasından xəbər verir. Fevralın sonunda vitse-prezident Cey Di Vensin Bakıya planlaşdırılan səfəri bu münasibətləri "Strateji Tərəfdaşlıq Xartiyası" səviyyəsinə qaldırmaq üçün mühüm platformadır.
Azərbaycanın Yaxın Şərqdəki yenidənqurma proseslərinə və regional təhlükəsizlik layihələrinə (məsələn, İraq və Suriya sərhədindəki sabitlik) verə biləcəyi töhfələr, Vaşinqtonun Bakı ilə əlaqələrini yalnız Qafqaz çərçivəsində deyil, daha geniş bir coğrafi kontekstdə dəyərləndirməsinə səbəb olub. Beləliklə, İlham Əliyevin Donald Trampa təşəkkürü, iki ölkə arasında son dörd ilin itirilmiş fürsətlərinin bərpası və gələcək onillikləri əhatə edəcək yeni bir "strateji ittifaqın" təməl daşıdır. Bu tərəfdaşlıq həm də Azərbaycanın beynəlxalq müstəvidəki legitimliyini və regional liderliyini qlobal güc mərkəzi tərəfindən rəsmən möhürləmiş olur".