Fevralın 5- də "PAŞA Holdinq" və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, sözügedən forum artıq ikinci ildir ki, Bakıda keçirilir və bu silsilə çərçivəsində dövlət rəsmilərini, özəl sektor nümayəndələrini, həmçinin 1000-ə yaxın hüquq peşəkarını bir araya gətirir.
Forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığın təşviqi, hüquq mütəxəssisləri üçün bilik mübadiləsinin təşkili, əsas qanunvericilik islahatlarının müzakirəsi və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaqdır.
Tədbirin açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Baş prokuror Kamran Əliyev, "PAŞA Holdinq"in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də “PAŞA Holdinq”in Hüquq və dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.
Bundan əlavə, forum çərçivəsində hüquq sahəsinin aktual mövzularını əhatə edən çıxışlar və panel müzakirələri də təşkil olunub. Ədliyyə naziri Fərid Əhmədov çıxış edərək hüquq təhsilində islahatların vacibliyi və bu islahatların ölkənin hüquq sisteminin inkişafındakı rolu barədə fikirlərini bölüşüb.
Daha sonra “Qlobal çağırışlar fonunda Azərbaycanın hüquq təhsili modeli” mövzusunda panel müzakirəsi keçirilib. ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadovun moderatorluğu ilə keçirilən müzakirədə panelistlər - Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov və Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev çıxış ediblər. Panel zamanı hüquq təhsilinin müasirləşdirilməsi, nəzəri və praktiki biliklərin balansı, eləcə də peşəkar və etik dəyərlərə malik hüquqşünasların hazırlanması məsələləri müzakirə olunub.
Forumda, həmçinin beynəlxalq ekspertlərin çıxışları da diqqət çəkib. Harvard və Oksford universitetlərində tədqiqatçı, İngiltərə və Uels üzrə fəaliyyət göstərən barrister, süni intellekt və texnologiya hüququ mövzusunda “New York Times bestseller” kitablarının müəllifi Ceymi Susskind süni intellektin hüquq sahəsində artan roluna və onun hüquqi qərarverməni dəstəkləməli, lakin əvəz etməməli olduğuna diqqət çəkib.
Günün ikinci yarısında “Koç Holdinq”in baş hüquq və komplayens müşaviri Kenan Yılmaz 30 ildən çoxdur şirkətdə çalışan hüquqşünas kimi öz uğur hekayəsini, şirkətlərin hüquq və komplayens prinsipləri çərçivəsində necə idarə edilməsinin lazım olduğunu vurğulayıb.
Sonda “Süni intellekt və hüquq: Tənzimləmə, məsuliyyət və gələcəyin imkanları” mövzusunda panel müzakirəsi olub. “Deloitte & Touche”in hüquq və komplayens üzrə baş meneceri Bahar Kavuzovanın moderatorluğu ilə keçirilən paneldə Jamie Susskind, “KPMG Lav”da hüquq və süni intellekt üzrə menecer Martin Knost, “Esin Attorney Partnership” şirkətinin idarəedici partnyoru Eren Kurşun və Almaniyanın Martin Lüter adına Halle–Vittenberg universitetinin professoru Azər Əliyev çıxış edərək süni intellektin hüquq sahəsində təsiri və hüquqi xidmətlərin gələcəyi mövzusunda fikir mübadiləsi aparıblar.
"LEGIS Hüquq Forumu" hüquq sahəsində yeni perspektivlər açaraq, bilik və təcrübə mübadiləsini təşviq edərək gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradıb.