"Azərbaycan qlobal ticarət şəbəkəsinin strateji qovşağına çevrilir"

5 Fevral 2026 17:58 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov Dubayda keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş "Yeni İpək Yolu" Forumunda iştirak edib.

SİA-nın məlumatına görə, Nazirlər Kabinetindən bildiriblər ki, tədbirdə çıxış edən S.Şərifov Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindəki rolunun qlobal təchizat zənciri, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsü, Orta Dəhliz üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb.

Baş nazirin müavini ölkənin logistika imkanları barədə son statistik məlumatları da açıqlayıb. O qeyd edib ki, 2025-ci ildə Orta Dəhliz vasitəsilə yükdaşımalar 11 faiz, Şimal-Cənub dəhlizi üzrə isə 12 faiz artıb. Samir Şərifov Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində illik ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırıldığını, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünün isə 25 milyon tona qədər artırılmasının hədəfləndiyini diqqətə çatdırıb. Xüsusilə vurğulanıb ki, 2025-ci ildə Bakı Limanında konteyner aşırılması (TEU) əvvəlki illə müqayisədə 40 faiz artaraq 107,000-i keçib.

S. Şərifov, həmçinin Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmaya əsasən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi tanınan Zəngəzur dəhlizinin strateji önəmindən bəhs edib. O bildirib ki, bu layihə Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865,000 TEU həcmində yük axınını təmin etmək potensialına malikdir.

Yekunda Baş nazirin müavini sərhəd keçidlərinin rəqəmsallaşdırılması və gömrük proseduralarının uyğunlaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığın, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında əlaqələndirmənin vacibliyini qeyd edərək, tərəfdaş ölkələri birgə fəaliyyətə çağırıb.