"Azərbaycan qadın güləşi üçün mövsümün gedişatını müəyyənləşdirəcək" - ŞƏRH EDİLDİ

5 Fevral 2026 17:12 (UTC+04:00)

"Zaqrebdə keçirilən “Zaqreb Open” turniri 2026-cı ilin güləş mövsümünə çox vacib strateji start kimi dəyərləndirilə bilər. Reytinq xarakteri daşıyan bu yarışlar təkcə medal uğrunda mübarizə deyil, eyni zamanda idmançıların beynəlxalq reytinqdə mövqelərinin möhkəmləndirilməsi, Olimpiya və dünya çempionatlarına aparan yolun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir".

Bu sözləri SİA-ya açıqlamasında keşmiş sərbəst güləşçi, dünya çempionu Hacı Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan qadın güləş millisinin bu turnirdə geniş heyətlə təmsil olunması federasiyanın qadın güləşinə verdiyi diqqətin və uzunmüddətli inkişaf strategiyasının göstəricisidir: "Müxtəlif çəki dərəcələrində çıxış edən idmançılarımız üçün “Zaqreb Open” həm mövsümün əvvəlində real rəqabət mühitində öz hazırkı durumlarını yoxlamaq, həm də yeni taktiki-texniki elementləri sınaqdan keçirmək baxımından ideal platformadır. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında komandanın bu yarışa qatılması təsadüfi deyil. Məşqçilər heyəti üçün turnir idmançıların psixoloji davamlılığını, fiziki hazırlıq səviyyəsini və beynəlxalq hakimlik standartlarına uyğun mübarizə aparmaq bacarığını qiymətləndirmək imkanı yaradır. Xüsusilə gənc və perspektivli güləşçilər üçün bu cür turnirlər gələcək böyük yarışlara adaptasiya prosesinin vacib mərhələsidir. Digər tərəfdən, turnirdə Azərbaycanı I dərəcəli hakim Əli Babayevin təmsil etməsi ölkəmizin təkcə idmançı deyil, həm də hakimlik məktəbinin beynəlxalq arenada etibarlı mövqeyə malik olduğunu göstərir. Bu amil Azərbaycan güləşinin institusional inkişafının mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Ümumilikdə, “Zaqreb Open” Azərbaycan qadın güləşi üçün mövsümün gedişatını müəyyənləşdirəcək, zəif və güclü tərəfləri üzə çıxaracaq əhəmiyyətli sınaq yarışıdır. Bu turnirdə qazanılacaq təcrübə və nəticələr qarşıdakı Avropa və dünya səviyyəli yarışlara hazırlıq prosesində mühüm rol oynayacaq".