Bill Qeytsdən Epsteinlə bağlı üzrxahlıq: “Dərin peşmanlıq hissi keçirirəm”.
SİA xarici KİV-ə istinadən məlumat verir ki, dünya hələ də Jeffrey Epstein qalmaqalının şokunu yaşayarkən, adı bu hadisələrdə hallanan ABŞ-lı texnologiya milyarderi Bill Qeyts səssizliyini pozub. Qeyts, “Onunla tanış olduğuma görə çox peşmanam. Epsteinlə keçirdiyim hər dəqiqədən peşmanam, axmaqlıq etdim, üzr istəyirəm,” deyə bildirib.
Yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunarkən ölü tapılan Jeffrey Epsteinlə əlaqəsi ortaya çıxan şəxslərdən biri də ABŞ-lı texnologiya milyarderi Bill Qeytsdir. Səssizliyini pozan Qeyts Avstraliyanın 9 News kanalına danışaraq dərin peşmanlıq hissi keçirdiyini bildirib.
Qeyts deyib: “Jeffrey ilə 2011-ci ildə tanış oldum. Onun əsas arqumenti həmişə eyni idi: çox zəngin insanları tanıdığını və onları qlobal sağlamlıq layihələrinə ianə etməyə təşviq edə biləcəyini söyləyirdi. Geriyə baxanda bunun çıxmaz bir yol olduğunu görürəm və onunla vaxt keçirməklə axmaqlıq etdiyimi anlayıram. Onu tanıdığıma görə peşman olan çox sayda insandan biriyəm.”
Yayımlanan sənədləri də təkzib edən Qeyts bildirib: “Həmin e-poçt heç vaxt göndərilməyib. E-poçt saxtadır. Ona görə də onun orada nə düşündüyünü bilmirəm. Amma bu hadisə mənə onunla keçirdiyim hər dəqiqədən peşman olduğumu və buna görə üzr istədiyimi yenidən xatırladır.”
Qeyts həmçinin dünyada çox danışılan Epstein adasına heç vaxt getmədiyini iddia edib: “Mən o adaya heç vaxt getməmişəm. Heç bir qadınla da tanış olmamışam,” deyə qeyd edib.
Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda French də mövzu ilə bağlı səssizliyini pozub. O, keçmiş həyat yoldaşını birbaşa hədəf almayıb, lakin “Bu sualları mənə yox, keçmiş həyat yoldaşıma verin,” deyə bildirib.