“Düzgün şəhərsalma və memarlıq ölkənin dayanıqlı inkişafının əsas şərtidir” - DEPUTAT DANIŞDI

5 Fevral 2026 16:38 (UTC+04:00)

“Şəhərsalma və memarlığın düzgün idarə olunması ölkənin iqtisadi, sosial, mədəni və ekoloji inkişafına birbaşa təsir göstərir. İlk növbədə, yaxşı şəhərsalma funksional şəhərləri təmin edir, əhalinin həyat keyfiyyətini yaxşılaşdırır”. Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Nigar Məmmədova bildirib.
Onun sözlərinə görə, düzgün planlaşdırılmış şəhərlər daha təhlükəsiz, daha inklüziv və daha səmərəlidir:

“Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması, həmçinin bu il ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu bu sahədə təcrübənin daha da genişlənməsinə təkan olacaq. Beləliklə, Bakı artıq formalaşmış şəhər inkişaf konsepsiyasını beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı qazanacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhər konsepsiyaları, xüsusilə də azad edilmiş ərazilərdə sıfırdan inşa olunan ağıllı və dayanıqlı yaşayış məntəqələri Azərbaycanın bu sahədə regional lider kimi rolunu gücləndirir.

Təcrübə göstərir ki, iqtisadi baxımdan şəhərsalma və memarlıq davamlı inkişafı təşviq edir. Müasir infrastruktur, yaxşı dizayn edilmiş məhəllələr investisiya, turizm və yeni iş imkanları cəlb edir. Bu xüsusda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa-quruculuq işləri xüsusi əhəmiyyət kəsb edir.

Son illər Qarabağ və Şərqi Zəngəzur çoxsaylı turistlərin və beynəlxalq investorların maraq göstərdiyi məkanlardan birinə çevrilib.

Ümumiyyətlə, memarlıq bir dövlətin dünyadakı tarixini, dəyərlərini və imicini təmsil edir. Bu mənada Azərbaycanda müasirliklə keçmişin uğurlu sintezi çox maraqlı təcrübə yaradıb. Qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir.

Hələ Sovetlər dövründə Ulu Öndər Heydər Əliyevin Azərbaycan memarları qarşısında qoyduğu ilk tapşırıq tikilinin formasından asılı olmayaraq milli üslubun, milli koloritin, tarixi və klassik memarlıq adət-ənənələrinin davam etdirilməsi ilə bağlı olub.

SSRİ məkanında mövcud çətinliklərə baxmayaraq, “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qəbul edilən qərar abidələrimizin tədqiqi və mühafizəsi üçün böyük əhəmiyyət kəsb edib.

Müstəqillik dövründə isə bu proses fundamental şəkildə davam etdi.

Təsadüfi deyil ki, 2019-cu ildə Beynəlxalq Memarlar İttifaqının Baş Assambleyasına və tematik forumuna ev sahibliyi edən Bakı şəhəri o dövrdə də beynəlxalq şəhərsalma mühitində böyük maraq doğurub. Həmin tədbir Azərbaycanın şəhərsalma və memarlıq sahəsində qlobal əməkdaşlığa töhfə verib.

Ümumdünya Şəhərsalma Forumunun Bakı şəhərində keçirilməsi Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində rolunu daha da artıracaq”.