“Kolbasa, sosis, vetçina kimi emal olunmuş ət məhsulları riskli qidalar qurupuna aiddir” - HƏKİM DANIŞDI

5 Fevral 2026 15:54 (UTC+04:00)

“Kolbasa, sosis, vetçina kimi emal olunmuş ət məhsulları müasir qidalanmada ən çox müzakirə olunan riskli qida qruplarından biridir və bu, təkcə nəzəri yanaşma deyil, çoxsaylı genişmiqyaslı elmi araşdırmalarla sübut olunmuş faktdır”.
Bu sözləri SİA-ya açıqlamasında həkim , infeksionist Fidan Həsənli bildirib.
Onun sözlərinə görə, Bu məhsulların əsas problemi onların təkcə ət olması deyil, necə və hansı maddələrlə emal edilməsidir. Emal prosesi zamanı yüksək miqdarda duz, konservantlar, nitritlər, doymuş və bəzən də trans yağlar əlavə olunur. Məhz bu maddələr damar sistemi üçün təhlükəli mexanizmləri işə salır:

“Əvvəlcə duzdan başlayaq. Emal olunmuş ət məhsulları gündəlik natrium ehtiyacının çox böyük hissəsini tək porsiyada ödəyə bilir. Artıq natrium orqanizmdə maye tutulmasına səbəb olur, bu da qan həcmini artıraraq qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır. Yüksək təzyiq isə damar divarlarında mikrozədələnmələr yaradır. Zədələnmiş damar divarı artıq elastikliyini itirir, iltihaba meyilli olur və ateroskleroz adlanan proses - yəni damarların daxildən daralması -daha sürətlə inkişaf edir.

Bu məhsullarda geniş istifadə olunan doymuş yağlar isə başqa bir təhlükəli mexanizmi işə salır. Doymuş yağların çoxluğu qanda LDL xolesterolun -yəni “pis” xolesterolun -səviyyəsini artırır. LDL hissəcikləri damar divarına çökərək zamanla yağlı lövhələr (plaklar) əmələ gətirir. Bu lövhələr damarın mənfəzini daraldır, qan axınını ləngidir və ən təhlükəlisi, bu lövhələrin üzərində qan laxtasının (trombun) yaranması üçün ideal şərait yaradır. Nəticədə infarkt və insult riski əhəmiyyətli dərəcədə yüksəlir.

Nitrit və nitratlar isə emal olunmuş ət məhsullarının gizli riski hesab olunur. Bu maddələr məhsulun rəngini və saxlama müddətini qorumaq üçün əlavə edilir. Orqanizmə daxil olduqdan sonra, xüsusilə mədə-bağırsaq sistemində, nitritlər nitrozaminlərə çevrilə bilər. Nitrozaminlər təkcə xərçəng riski ilə deyil, eyni zamanda damar daxili qatı , endotel təbəqəni , zədələmə potensialı ilə də təhlükəlidir. Endotel sağlam olmadıqda damarlar özünü düzgün genişləndirib-daralda bilmir, trombositlər daha asan aktivləşir və qan laxtalanma sistemi həddindən artıq həssas vəziyyətə keçir.

Bu mexanizmlər bir-birini gücləndirir. Yüksək təzyiq damar divarını zədələyir, xolesterol bu zədələnmiş sahəyə çökür, iltihab artır və nəticədə tromb yaranması üçün ideal zəmin formalaşır. Məhz buna görə də emal olunmuş ət məhsullarının müntəzəm istifadəsi yalnız bir risk faktoru deyil, ürək-damar xəstəlikləri üçün kompleks təhlükə yaradan qidalanma vərdişidir.

Uzunmüddətli perspektivdə bu qidaların tez-tez istifadəsi koronar ürək xəstəliyi, infarkt, insult, ürək çatışmazlığı, həmçinin metabolik sindrom və tip 2 diabet riskinin artması ilə əlaqələndirilir. Ümumdünya Səhiyyə Təşkilatı emal olunmuş ət məhsullarını kanserogen risk daşıyan qidalar qrupuna daxil etməklə onların yalnız damar sistemi üçün deyil, ümumi sağlamlıq üçün də təhlükəli olduğunu açıq şəkildə bəyan edib.

Sağlam qidalanma baxımından çıxış yolu bu məhsulları tam qadağan etməkdən çox, onların gündəlik rasiondan çıxarılması və ya ciddi şəkildə məhdudlaşdırılmasıdır. Zülal mənbəyi kimi təbii, az emal olunmuş ətlərə, balığa, xüsusilə omeqa-3 ilə zəngin dəniz məhsullarına, eləcə də bitki mənşəli zülallara üstünlük verilməlidir. Tərəvəz, lifli qidalar və sağlam yağlar damar divarını qoruyur, iltihabı azaldır və qan laxtalanma riskini balansda saxlayır.

Kolbasa, sosis və vetçina gündəlik süfrədə praktik seçim kimi görünsə də, uzunmüddətli istifadə baxımından damar sağlamlığı üçün səssiz, amma ciddi təhlükədir. Həkim olaraq əsas tövsiyəmiz budur: qidalanmada rahatlıq yox, sağlamlıq prioritet seçilməlidir”.