Xəzər və Qaradağ rayonlarında oğurluq edən şəxslər saxlanılıblar

5 Fevral 2026 15:45 (UTC+04:00)

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən anbarların birindən elektrik naqilləri oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı C.Mütəllimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, o, bir müddət əvvəl həmin anbarda çalışdığı üçün əraziyə yaxından bələd olub. Oğurluğu törətdikdən sonra isə naqilləri yandıraraq əlvan metal qəbulu məntəqələrinə satıb.

Qaradağ rayonunda isə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən 38 yaşlı B.Qasımov polis tərəfindən saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.