"Bu cür görüşlər tərəflər arasında qarşılıqlı etimadı möhkəmləndirir" - ŞƏRH EDİLDİ

5 Fevral 2026 15:05 (UTC+04:00)

"Azərbaycan və Ermənistan rəhbərləri arasında baş tutan istənilən xoşməramlı təmas sülh prosesinin irəliləməsinə müsbət təsir göstərir. Bu cür görüşlər, ilk növbədə, tərəflər arasında formalaşmaqda olan qarşılıqlı etimadı möhkəmləndirir. Etimad isə uzun illər davam edən münaqişədən sonra sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biridir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, hər bir dialoq, hətta konkret nəticə ilə yekunlaşmasa belə, münasibətlərin normallaşması istiqamətində atılan addım kimi qiymətləndirilə bilər və bu da sülh prosesini az da olsa sürətləndirən mühüm faktordur:

"Bu baxımdan Əbu-Dabidə keçirilən görüş xüsusi əhəmiyyət daşıyır və özünəməxsus xüsusiyyətləri ilə seçilir. Görüşün əsas özəlliklərindən biri ondan ibarətdir ki, hər iki ölkənin rəhbərinin eyni vaxtda xarici mükafata layiq görülməsi təkcə fərdi qiymətləndirmə deyil, həm də siyasi və diplomatik məna daşıyan bir mesajdır. Bu mesaj, xüsusilə ərəb və ümumilikdə islam dünyasından ünvanlanmış mühüm siqnal kimi dəyərləndirilə bilər.

Belə ki, aparıcı islam dövlətlərindən biri Azərbaycana olan xoş münasibətini nümayiş etdirməklə yanaşı, eyni zamanda xristian Ermənistan dövlətinə də açıq mesaj verir. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, Ermənistanın islam dünyası ilə sağlam və davamlı münasibətlər qurması birbaşa onun Azərbaycanla olan münasibətlərindən asılıdır. Yəni regionda sülhün və əməkdaşlığın açarı məhz Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasından keçir.

Hazırda Azərbaycan və Ermənistan sülh prosesinin aktiv mərhələsində olduqları üçün Ermənistan beynəlxalq arenada, xüsusilə də islam dünyasında özünə yeni manevr imkanları axtarır. Bu kontekstdə belə beynəlxalq görüşlər və simvolik jestlər Ermənistan üçün həm siyasi mesajların ötürülməsi, həm də mövqeyinin formalaşdırılması baxımından önəm daşıyır. Nəticə etibarilə, bu cür təmaslar yalnız iki ölkə arasındakı münasibətlərin inkişafına deyil, ümumilikdə regionda dayanıqlı sülhün təmin olunmasına xidmət edir və sülh prosesinin real nəticələrlə yekunlaşması üçün zəmin yaradır".