"Sülh şəraitində yaşamaq postmünaqişə dövrünün əsas çağırışıdır" - ŞƏRH EDİLDİ

5 Fevral 2026 15:00 (UTC+04:00)

"Prezident İlham Əliyevin “sülh şəraitində yaşamağı öyrənirik” fikri postmünaqişə dövrünün mahiyyətini dəqiq ifadə edən siyasi və psixoloji mesajdır. Çünki otuz ildən artıq davam edən müharibə yalnız hərbi qarşıdurma deyil, eyni zamanda cəmiyyətlərin şüurunda, dövlətlərin institutlarında və regional münasibətlər sistemində dərin izlər buraxan bir proses olub".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu baxımdan sülhün əldə edilməsi ilə onun real və dayanıqlı şəkildə yaşanması arasında ciddi fərq mövcuddur:

"Azərbaycan tərəfi artıq müharibədən sonra regional nizamın formalaşdırılması, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında yeni reallıqların qəbul etdirilməsi istiqamətində ardıcıl xətt aparır. Lakin sülhün uzunömürlü olması üçün bu iradənin qarşı tərəfdə də real qərar mexanizmlərinə çevrilməsi vacibdir. Ermənistan üçün əsas çağırış münaqişə psixologiyasından çıxaraq dövlətçilik maraqlarını revanşist ritorikadan üstün tutmaqdır. Digər mühüm məqam psixoloji amildir. Müharibə şəraitində yaşayan cəmiyyətlərdə “təhlükə refleksi” formalaşır və bu refleks sülh dövründə belə davranışlara təsir göstərir. Prezidentin vurğuladığı “öyrənmək” anlayışı məhz bu mərhələyə işarə edir. Sülh təkcə sənədlərlə deyil, ictimai şüurda qarşı tərəfin artıq düşmən deyil, regional qonşu kimi qəbul edilməsi ilə möhkəmlənir. Bu proses zaman, ardıcıl siyasi mesajlar və qarşılıqlı etimad mexanizmləri tələb edir. Regional müstəvidə isə sülhün institusionallaşması Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişə bilər. Kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və nəqliyyat dəhlizləri regionu qarşıdurma zonasından əməkdaşlıq məkanına çevirə bilər. Bu isə həm böyük güclərin bölgəyə yanaşmasını dəyişir, həm də regional dövlətlərin öz məsuliyyətini artırır. Azərbaycan bu modeldə təşəbbüskar aktor kimi çıxış edərək sülhü alternativsiz yol kimi təqdim edir. Prezident İlham Əliyevin fikri sülhü statik vəziyyət deyil, dinamik və öyrənilən bir proses kimi təqdim edir. Bu yanaşma Azərbaycanın postmünaqişə mərhələsində yalnız qalib dövlət kimi deyil, eyni zamanda regionda sabitliyin memarı kimi çıxış etdiyini göstərir".