"Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi sıradan bir beynəlxalq təltif deyil, Azərbaycanın son illər ardıcıl şəkildə formalaşdırdığı siyasi-mənəvi xəttin qlobal səviyyədə təsdiqi kimi qiymətləndirilməlidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, bu mükafat, xüsusilə Roma Papası XIV Leonu və Əl-Əzhər Şərifin şeyxi Əhməd Əl-Tayyib kimi fərqli dini və sivilizasiya məkanlarını təmsil edən nüfuzlu liderlərin yanaşmaları ilə uzlaşması baxımından, Azərbaycanın dinlərarası dialoq və humanitar diplomatiya sahəsində artan rolunu açıq şəkildə nümayiş etdirir: "Azərbaycanın multikulturalizm modeli uzun müddətdir ki, daxili sabitliyin və ictimai harmoniyanın əsas dayaqlarından biri kimi çıxış edir. Lakin son mərhələdə bu modelin beynəlxalq platformalarda da qəbul olunması onu göstərir ki, Bakı yalnız regional güc mərkəzi deyil, eyni zamanda sivilizasiyalararası dialoqa töhfə verən aktor kimi də tanınır. “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu kontekstdə Prezident İlham Əliyevin sülhün təşviqi, qarşılıqlı hörmət və bəşəri dəyərlərin müdafiəsi istiqamətində apardığı siyasətin beynəlxalq legitimliyini gücləndirir. Bu mükafatın verilməsi Azərbaycanın Yaxın Şərq, İslam dünyası və Qərb arasında körpü rolunu daha da möhkəmləndirir. Xüsusilə BƏƏ kimi strateji tərəfdaş ölkə ilə humanitar və ideoloji müstəvidə yaxınlaşma, Azərbaycanın “yumşaq güc” imkanlarını genişləndirir. Burada söhbət təkcə diplomatik münasibətlərdən deyil, Azərbaycanın qlobal etik diskursda söz sahibi olmasından gedir.
Bu təltif Azərbaycan Prezidentinin şəxsində dövlətin sülhpərvər, məsuliyyətli və inklüziv siyasətinin tanınmasıdır. Bu isə gələcəkdə Azərbaycanın beynəlxalq təşəbbüslərdə, xüsusilə mədəniyyətlərarası dialoq və qlobal sülh platformalarında daha fəal və təsirli rol alması üçün əlavə siyasi kapital formalaşdırır".