“Son illərdə Azərbaycanda ailə institutunun bütün ənənə prinsipləri tamamilə məhv edilmək üzrədir. Bu xalqa mənsub olan, min illərdir yol gələn ailə dəyərləri müasir informasiya cəmiyyətində öz yerini tamam başqa adətlərə, hətta cəmiyyəti fəlakətə sürükləyən yeni qaydalara verməkdədir: Bir vaxtlar böyük məsələhəti ilə, kəbin-nikahla qurulan ailə dəyərləri, tarixə qovuşan arxiv sənədinə çevrilir. Artıq müasir gənclik nəslini-kökünü tanımadığı, real həyatda ünsiyyətdə olmadığı qızlarla tik-tok səhifələrində tanış olub dərhal da nikah masasına otururlar.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist - ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, hətta dəhşətlisi odur ki, artıq nikah masasının özü də toz basmış və unudulmuş köhnəliyə çevrilir. Məsələ burasındadır ki, yaşı 25-35 arası olan bir sıra qadınlar yalnız qeyri-rəsmi ünsiyyətə üstünlük verir, nikahsız yaşayır və sevgililərinin razılığı olmadan nikahdankənar uşaqlar dünyaya gətirirlər.
“Bu gün Azərbaycan şou-biznesində nikahsız münasibətlərdən uşağ dünyaya gətirən müğənnilərin sayı payız göbələyi kimi artır. Onlar hətta bunu çəkinmədən dilə gətirir, nəzarətsiz sosial proqramlarda, efirlərdə bu xoşagəlməz durumu reklam da edirlər. Bu tipli qadınların efirlərdə və tik-tok səhifələrində reklamından sonra Azərbaycanda ailəsini atıb özünə yeni, varlı ər axtaran, "müstəqil" həyat qurmaq istəyən, xüsusilə nikahdankənar uşaq dünyaya gətirən qadınlar cəmiyyəti başına götürüb gedir. Nikahdankənar uşaq dünya gətirəndən sonra isə başlayır atalıq təyini, mal-mülk davası. Əslində, onların əsas məqsədi uşaq dünyaya gətirmək, heç bir ailə məsuliyyətini üzərinə götürməmək və sonda da aliment və əmlak qoparıb "müstəqil həyat" sürməkdir. Son bir neçə ildir daha çox dəb xarakteri daşıyan bu qorxunc və arzuolunmaz trend Azərbaycan cəmiyyətini daha biabırçı sosial-mənəvi fəlakətə sürükləyir. Cəmi 10-15 ildən sonra biz bu ölkədə nikahsız və atası müəyyən olunmamış nəsillərlə üz-üzə qalacayıq. Bu, yenilik deyil, bu, milli genefonumuz üçün ilkin qorxunc başlanğıcdır".
Ayşən Vəli