"Zal nəzarətçiliyi sisteminə yenidən baxılmalıdır" - EKSPERT DANIŞDI

5 Fevral 2026 14:10 (UTC+04:00)

"Dövlət İmtahan Mərkəzi rəhbərinin verdiyi açıqlamalardan da açıq şəkildə görünür ki, bu sahədə müdaxilələr artıb və eyni zamanda zal nəzarətçilərinin fəaliyyəti ilə bağlı ciddi narazılıqlar mövcuddur. Bildiyimiz kimi, artıq müdaxilə və digər qanunsuzluqlarla bağlı məhkəmə prosesi də davam edir və orada kifayət qədər tanınmış şəxslərin adları çəkilir".

Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Dövlət İmtahan Mərkəzində problemlər sistem xarakteri daşıyır: "Xüsusilə 935 nəfərin konkret səbəblər göstərilmədən zal nəzarətçiliyindən kənarlaşdırılması, eləcə də ötən il apellyasiya şikayətlərinin sayının 10 min nəfəri keçməsi onu deməyə əsas verir ki, mövcud idarəetmə və fəaliyyət mexanizmi bu formada davam etdirilə bilməz.

Burada söhbət yalnız texniki dəyişikliklərdən, məsələn, buraxılış imtahanlarında ingilis dili suallarına əlavə mətnlər, esse tapşırıqları və ya yazılı elementlərin artırılmasından getmir. Problem daha dərindir. Əgər köklü və əsaslı nizamnamə və struktur islahatları aparılmasa, Dövlət İmtahan Mərkəzinə yönələn bu cür müdaxilələrin gələcəkdə də davam edəcəyi qaçılmazdır.

Bu risklərin qarşısını almaq üçün DİM strukturunu yeniləməli, daxili qaydalarını və nəzarət mexanizmlərini təkmilləşdirməli, zal nəzarətçiliyi sisteminə yenidən baxmalı, qəbul qaydalarında ciddi və sistemli islahatlar aparmalıdır.

Otuz ildən artıq eyni model üzrə fəaliyyət göstərmək artıq özü müəyyən risklər yaradır. Vahid və dəyişməz mexanizm ətrafında formalaşan sistem zamanla bəzi şəxsləri müdaxiləyə, sui-istifadəyə və hətta cinayət əməllərinə sövq edir. Bir halda zalda qeyri-peşəkar yanaşma sərgilənir, digər halda isə açıq şəkildə qanun pozuntularına yol verilir.

Keçən illərdə də bununla bağlı konkret faktlar aşkarlanmışdı. Məsələn, dördüncü qrup üzrə imtahanlarda kimya-biologiya müəllimlərinin zal nəzarətçisi kimi iştirak etməsi yol verilməz haldır, çünki həmin şəxs ixtisası üzrə ən azı bir neçə abituriyentə yardım göstərmək imkanına malikdir. Eyni zamanda, üçüncü qrup imtahanlarında kimya-biologiya müəllimlərinin, dördüncü qrupda isə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin zal nəzarətçisi olması da obyektivlik prinsipinə ziddir.

Bu kimi nöqsanlar artıq sistemli şəkildə üzə çıxır və ehtimal etmək olar ki, adı çəkilən 935 nəfərin kənarlaşdırılması da məhz bu cür müdaxilə cəhdləri ilə bağlıdır.

Mən istərdim ki, Dövlət İmtahan Mərkəzi bütövlükdə fəaliyyətinə yenidən və obyektiv şəkildə baxsın. Çünki yalnız hər gün neqativ halları etiraf etməklə məsələ həll olunmur. Əks halda, bu vəziyyət davam edərsə, növbəti qəbul imtahanlarından nə abituriyentlər, nə valideynlər, nə də cəmiyyət razı qalacaq".