"Balıqçılıq sahəsində müəyyən olunmuş qaydalara əməl edilməməsi balıq ehtiyatlarının azalmasına birbaşa təsir göstərir".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.
.jpg)
Onun sözlərinə görə, bu qaydalar balıqların bioloji xüsusiyyətləri, xüsusilə də onların çoxalma və kürü tökmə dövrləri nəzərə alınmaqla müəyyən edilir: "Hansı dövrdə balıq ovunun mümkün olduğu, hansı dövrdə isə qadağan edildiyi məhz bu məqsədlə tənzimlənir.
Qaydalara əməl olunmaması balıqların təbii artım və adaptasiya prosesini pozur və onların bərpa olunmasına imkan vermir. Nəticədə balıq ehtiyatları kritik səviyyəyə qədər azalır. Xüsusilə kürü məqsədilə aparılan balıq ovçuluğu bu baxımdan ən təhlükəli amillərdən biridir. Məlumdur ki, kürü balıq populyasiyasının davamlılığının əsas təminatıdır. Kürü istehsalına yönəlmiş sənaye balıqçılığı zamanı normadan artıq ovlanma balıq ehtiyatlarına ən böyük zərbəni vurur.
Əlbəttə, bu sahədə digər amillər də mövcuddur: fərdi balıqçılıq, ov mövsümünə dair qadağalara əməl olunmaması, ov dövrlərinin düzgün seçilməməsi və s. Lakin əsas problem məhz sənaye yönümlü balıq ovunda, yəni kütləvi istehsala istiqamətlənmiş fəaliyyətdə ortaya çıxır. Bu sahədə nəzarət mexanizmləri daha sərt olmalı, kürü istehsalına yönəlmiş balıqçılığın normadan kənara çıxmasına qəti şəkildə imkan verilməməlidir.
Əgər həqiqətən balıq ehtiyatlarının qorunmasını istəyiriksə, mövcud qaydalara ciddi əməl olunmalıdır. Təəssüf ki, istehsalçılar bazarda kürünün qiymətinin artmasını əsas gətirərək daha çox qazanc əldə etməyə çalışırlar və bu zaman uzunmüddətli nəticələri nəzərə almırlar. Halbuki balıq ehtiyatları kritik həddə çatdıqdan sonra nə balıq, nə də kürü istehsalını əvvəlki səviyyədə davam etdirmək mümkün olacaq.
Bu səbəbdən, əgər istehsalçılar öz maraqlarını nəzərə alaraq qaydalara könüllü şəkildə əməl etmirlərsə, səlahiyyətli dövlət orqanları tərəfindən inzibati tədbirlər gücləndirilməli və qanunvericiliyin tələbləri icbari qaydada təmin olunmalıdır. Bizim mövqeyimiz problemin mahiyyətini göstərmək və onun real həll yollarını təklif etməkdən ibarətdir".