"Yaxın 10 ildə cəmiyyətimizi narahat edəcək ən ciddi sosial problem ailə institutunun zəifləməsi və bunun doğuracağı demoqrafik və mənəvi fəsadlar olacaqdır".
Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
_(1).jpg)
Ekspert sözlərinə belə davam edib: "Hazırda dünyada gedən iqtisadi və siyasi proseslər, qloballaşma, internetin sürətli inkişafı, sosial şəbəkələrin həddindən artıq genişlənməsi və həyat tempinin sürətlənməsi insanların düşüncə tərzinə və davranışına ciddi təsir göstərir. Bu dəyişikliklər yalnız böyük dövlətlərə deyil, bizim kimi cəmiyyətlərə də birbaşa təsir edir. Çünki biz də qlobal dünyanın ayrılmaz hissəsiyik və baş verən proseslərdən kənarda qala bilmərik.
Bu təsirlərin ən həssas nöqtəsi isə ailədir. Son illərin statistikası göstərir ki, boşanmaların sayı artır, gənclər evliliyə daha məsuliyyətsiz və ya gec yanaşır, tək valideynli ailələrin sayı çoxalır, doğum səviyyəsi isə azalır. Bu tendensiya davam edərsə, yaxın illərdə ölkəmiz demoqrafik problemlərlə, yəni əhalinin azalması və insan resurslarının zəifləməsi ilə üz-üzə qala bilər.
Boşanmaların artması təkcə ailədaxili məsələ deyil, bütövlükdə cəmiyyətə təsir edən sosial problemdir. Natamam ailədə böyüyən uşaqlar bir çox hallarda yetərli nəzarət və tərbiyə ala bilmirlər. Ata və ana modelinin birlikdə olmaması uşağın psixoloji inkişafına mənfi təsir göstərir. Xüsusilə yeniyetmə yaşlarında nəzarətin zəifləməsi gənclərin zərərli vərdişlərə – narkotiklərə, alkoqola, qumara və digər asılılıqlara meyl etməsinə səbəb ola bilər.
Təəssüf ki, müasir sintetik narkotiklər gənclərin sağlamlığını çox qısa müddətdə məhv edir, onların həm fiziki, həm də psixoloji vəziyyətini ağırlaşdırır. Bu isə tək bir fərdin deyil, bütövlükdə millətin genefonduna vurulan zərbədir. Asılılıqların artması cinayətlərin çoxalmasına, oğurluq, zorakılıq, yol-nəqliyyat hadisələri və digər hüquq pozuntularının artmasına gətirib çıxarır. Nəticədə dövlət üçün sosial və iqtisadi yük də böyüyür – hüquq-mühafizə, səhiyyə və penitensiar sistemlərə əlavə xərclər tələb olunur.
Bütün bunları nəzərə alaraq demək olar ki, ailə institutunun zəifləməsi domino effekti yaradaraq digər sosial problemləri də dərinləşdirir.
Bu mənfi proseslərin qarşısını almaq üçün ilk növbədə milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, ailə məsuliyyəti və valideynlik mədəniyyətini gücləndirməliyik. Gənclər evliliyə daha hazırlıqlı və şüurlu yanaşmalıdırlar. Kütləvi informasiya vasitələrində, məktəblərdə və ali təhsil müəssisələrində maarifləndirmə işləri aparılmalı, zərərli vərdişlərin fəsadları geniş şəkildə izah edilməlidir. Ailədaxili dialoq, qarşılıqlı hörmət və səbir təşviq olunmalıdır. Eyni zamanda dini və mənəvi dəyərlərimizə əməl etmək də sağlam ailə modelinin qorunmasına mühüm töhfə verə bilər.
Belə hesab edilir ki, sağlam ailə sağlam cəmiyyət deməkdir. Əgər ailə institutunu qoruya bilsək, digər sosial problemlərin də qarşısını xeyli dərəcədə ala bilərik. Əks halda, yaxın illərdə boşanmaların, asılılıqların və demoqrafik geriləmənin artması cəmiyyətimiz üçün ən böyük risklərdən birinə çevriləcəkdir".