Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fiziki şəxs Hüseyn İsa oğlu Xəlilzadəyə məxsus “By Fateh” ictimai iaşə obyektində plandankənar yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiətedici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub.
Eyni zamanda, satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan “Chivas” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laboratoriyaya təqdim edilib.