“Sülh regionun gələcəyi üçün həlledici rol oynayır” - DEPUTAT DANIŞDI

5 Fevral 2026 12:56 (UTC+04:00)

Son illərdə Ermənistan cəmiyyətində, xüsusilə də rasional düşüncəyə üstünlük verən sosial və siyasi dairələrdə ölkənin gələcək inkişafının sülh, sabitlik və regional əməkdaşlıqdan birbaşa asılı olduğu barədə anlayış formalaşmaqdadır.

Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, bu reallığı Ermənistanın siyasi rəhbərliyi, o cümlədən Baş nazir Nikol Paşinyan da dərk edir:

”Aydındır ki, Azərbaycan ilə münasibətlərin normallaşdırılması, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühitinin yaradılması olmadan Ermənistanın uzunmüddətli inkişaf perspektivləri məhdud qalır.

Uzun illər ərzində millətçilik, şovinizm və separatçılıq ideologiyaları Ermənistanın dövlət siyasətində dominant mövqe tutmuş, lakin bu yanaşma nə regional təhlükəsizliyə, nə də erməni cəmiyyətinin rifahına töhfə verə bilmişdir. Əksinə, bu siyasət Ermənistanı iqtisadi geriləmə, siyasi təcrid və davamlı böhran vəziyyətinə sürükləmişdir. Mövcud vəziyyət göstərir ki, bu kursun davam etdirilməsi ölkə üçün çıxış yolu deyil.

Azərbaycan isə 30 ilə yaxın müddətdə ərazilərinin işğal altında qalmasına baxmayaraq, dövlətçilik iradəsini qoruyub saxlamış və Prezident İlham Əliyevin rəhbərliyi ilə milli gücünü səfərbər edərək ərazi bütövlüyünü bərpa etmişdir. Hərbi və siyasi qətiyyət nəticəsində Azərbaycan öz suveren hüquqlarını təmin etmiş, regionda yeni reallıqlar formalaşdırmışdır. Bu proses Ermənistan üçün də ciddi siyasi və iqtisadi nəticələr doğurmuş, ölkə daxili qeyri-sabitlik və sosial gərginliklə üzləşmişdir.

Mövcud şəraitdə Ermənistanın böhrandan çıxış yolu kimi sülhə yönəlməsi alternativsiz görünür. Azərbaycanla sülh sazişinin imzalanması və regional əməkdaşlıq formatlarına inteqrasiya Ermənistan üçün həm iqtisadi dirçəliş, həm də beynəlxalq legitimliyin bərpası baxımından mühüm perspektivlər aça bilər. Bu kontekstdə beynəlxalq platformalarda aparılan dialoqlar və yüksək səviyyəli görüşlər regionda yeni siyasi atmosferin formalaşmasına xidmət edir.

Xüsusilə, 2025-ci ildə Vaşinqtonda keçirilmiş üçtərəfli görüş və burada imzalanan sənədlər Ermənistanın gələcək siyasi kursu baxımından həlledici məqam kimi dəyərləndirilə bilər. Ermənistanın beynəlxalq sülh təşəbbüslərində iştirakı və müəyyən simvolik mükafatların təqdim olunması ölkə rəhbərliyinin beynəlxalq aləmdə sülhpərvər imicinin formalaşdırılmasına xidmət edir və bu, daxili siyasi legitimliyə də təsir göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev isə öz çıxışlarında ardıcıl şəkildə sülhün, əməkdaşlığın və regional sabitliyin vacibliyini vurğulayaraq, Azərbaycanın revanşist yanaşmalardan uzaq, lakin milli maraqlarını qətiyyətlə qoruyan məsuliyyətli aktor olduğunu bir daha nümayiş etdirmişdir. Azərbaycanın bu mövqeyi postmünaqişə dövründə regionda uzunmüddətli sülhün təmin olunması üçün konstruktiv əsas yaradır.

Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesi təkcə iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqazda sabitlik və inkişaf üçün strateji əhəmiyyət daşıyır. Sülh, əməkdaşlıq və qarşılıqlı etimad bu regionun gələcəyini müəyyən edən əsas faktorlar kimi çıxış edir və Azərbaycan bu prosesdə ardıcıl, prinsipial və məsuliyyətli mövqeyini qorumaqda davam edir”.