DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində mətbuat konfransı keçirilib - YENİLƏNİB/FOTOLAR

5 Fevral 2026 12:19 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində mətbuat konfransı keçirilib.

SİA xəbər verir ki, tədbirdə sosial sahədə rəqəmsal xidmətlərin tətbiqi, ötən il görülən işlər və cari ildə planlaşdırılan fəaliyyətlər, həmçinin istifadəyə veriləcək yeni xidmətlər barədə məlumat verilib. Xüsusi diqqət pensiya, təqaüd və əlillik təyinatlarında süni intellekt alətlərinin tətbiqinə yönəldilib.

Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov bildirib ki, 2025-ci ildə mərkəz tərəfindən ümumilikdə 94 layihə və elektron xidmət üzrə iş aparılıb. Bunlardan 69-u təkmilləşdirilmiş, 25-i isə yeni hazırlanmış layihələrdir. E-xidmətlərdən istifadə göstəricilərinə görə, e-Sosial portalından 17,2 milyon dəfə müraciət edilib, ümumilikdə isə 27,1 milyon e-xidmət həyata keçirilib. Proaktiv qaydada 258 min təyinat aparılıb, vətəndaşlar tərəfindən 711 min e-arayış alınıb.

Kənan Əkpərov əlavə edib ki, “e-Sosial” portalı və mobil tətbiqi təkmilləşdirilərək müraciətlərin statusunun izlənməsi, əməkhaqqı kalkulyatorundan istifadə mümkün olub. Süni intellekt əsaslı “iDOST” köməkçi botu sorğuların cavablandırılması və birbaşa xidmət keçidlərinə yönləndirmə funksiyaları ilə istifadəçilərin ixtiyarına verilib. “Sənə özəl” menyusu əlilliyi olan şəxslər üçün reabilitasiya ilə bağlı məlumatları tam əlçatan edir. Tətbiq daxilindəki rəqəmsal barkod və QR kod sistemi pensiyaçılara, müavinət və təqaüd alan şəxslərə tərəfdaş market, aptek və klinikalarda real endirimlərdən yararlanmağa imkan verir. Portalın aktiv istifadəçilərinin sayı 2,7 milyon nəfəri ötüb.

Hesabat ilində “Çağrı Mərkəzi 142”, “Mərkəzi Karyera Portalı”, “Peşələr atlası”, “Sosial xidmət xəritəsi”, “Alo Karyera”, “Evdə Səyyar Sosial Məişət Xidməti”, “Sanatoriya-kurort sistemi”, “Sosial işin idarə edilməsi sistemi”, “Himayədar ailə və övladlığa götürmə” modulu və digər onlarla modul istifadəyə verilib. ƏMAS altsistemi vasitəsilə peşə hazırlığı modulu, məşğul şəxslərin reyestri, işədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin reyestri, işsizlikdən sığorta ödənişinin elektronlaşdırılması və işdən qısamüddətli icazələrin onlayn alınması təmin olunub.

ƏMAS-da kadr anketlərinin və CV-lərin, ezamiyyə vərəqələrinin elektronlaşdırılması, əməkhaqqı ödənişlərinin bank hesabları üzrə idarə olunması kimi funksiyalar tətbiq ediləcək. Əmək Məcəlləsinə edilmiş dəyişikliklər isə ƏMAS-ın mövcud funksionallığına uyğunlaşdırılacaq. Pensiya təyinatı, yenidən hesablanması, tutulmaların avtomatlaşdırılması və digər sosial sığorta xidmətləri üzrə yeni elektron funksiyalar xidmətlərin icra müddətini əhəmiyyətli dərəcədə azaldacaq.

Kənan Əkpərov bildirib ki, cari ildə xidmətlərin təkmilləşdirilməsində süni intellekt əsaslı həllər ön plana çıxacaq. Xüsusilə, əlillik təyinatlarında Sİ həllərinin sınaqdan keçirildiyi bildirilib. Hazırda əlillik qrupunun avtomatik təyini 90 %-dək doğru nəticə verir. Vətəndaşlardan daxil olan bütün müraciətlər vahid mərkəzdən qəbul ediləcək və “Omnichannel” yanaşması əsasında mərkəzləşdirilmiş şəkildə idarə olunacaq.

Mətbuat konfransının sonunda media nümayəndələrinin sualları cavablandırılıb.