“Sosial və məşğulluq sahəsində onlarla yeni rəqəmsal modul istifadəyə verilib” - Direktor

5 Fevral 2026 11:16 (UTC+04:00)

Hesabat ilində sosial müdafiə və məşğulluq sahəsində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bir sıra yeni elektron xidmət və modullar istifadəyə verilib.

SİA xəbər verir ki, bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mətbuat konfransında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, il ərzində “Çağrı Mərkəzi 142”, “Mərkəzi Karyera Portalı”, “Peşələr atlası”, “Sosial xidmət xəritəsi”, “Alo Karyera”, “Evdə Səyyar Sosial Məişət Xidməti”, “Sanatoriya-kurort sistemi”, “Sosial işin idarə edilməsi sistemi”, “Himayədar ailə və övladlığa götürmə” modulu, eləcə də “Sosial xidmət müəssisələri üzrə vahid uçot sisteminin aparılması” kimi mühüm platformalar istifadəyə təqdim olunub. Eyni zamanda məşğulluq və pensiya sistemləri üzrə onlarla yeni modul və elektron xidmət tətbiq edilib.

Direktor bildirib ki, “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) çərçivəsində də funksionallıq xeyli genişləndirilib: “Bu altsistemə ‘Peşə hazırlığı modulu’, ‘Məşğul şəxslərin reyestri’, ‘İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin reyestri’, ‘İşsizlikdən sığorta ödənişinin elektronlaşdırılması’, eləcə də işdən qısamüddətli icazələrin onlayn qaydada alınması kimi xidmətlər daxildir”.

Kənan Əkpərov qeyd edib ki, tətbiq olunan bu yeniliklər və rəqəmsal həllər vətəndaşlara xidmətlərin daha operativ, şəffaf və əlçatan şəkildə təqdim edilməsinə xidmət edir.