“e-Sosial portalının imkanları əhəmiyyətli dərəcədə genişləndirilib” - Kənan Əkpərov

5 Fevral 2026 11:12 (UTC+04:00)

“e-Sosial” portalı və onun mobil tətbiqi təkmilləşdirilərək istifadəçilər üçün bir sıra yeni funksiyalar əlçatan olub. Portal üzərindən artıq müraciətlərin statusunu izləmək, eləcə də əməkhaqqı kalkulyatorundan istifadə etmək mümkündür.

SİA xəbər verir ki, bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mətbuat konfransında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, portalda süni intellekt əsaslı “iDOST” köməkçi botu da istifadəyə verilib: “iDOST istifadəçilərin sorğularını cavablandırır, eyni zamanda onları birbaşa müvafiq xidmət keçidlərinə yönləndirir”.

Kənan Əkpərov qeyd edib ki, hazırda portalda və mobil tətbiqdə aktiv olan “Sənə özəl” menyusu əlilliyi olan şəxslər üçün reabilitasiya ilə bağlı məlumatların tam əlçatan formada təqdim edilməsini təmin edir. Bununla yanaşı, tətbiqdə mövcud olan rəqəmsal barkod və QR kod sistemi pensiyaçıların, müavinət və təqaüd alan şəxslərin tərəfdaş marketlərdə, apteklərdə və klinikalarda real endirimlərdən yararlanmasına imkan yaradır.

Direktor əlavə edib ki, e-Sosial portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı artıq 2,7 milyonu ötüb.