“”Sülh Qalxanı” təhlükəsizlik fəlsəfəsini əks etdirir” - ŞƏRH OLUNDU

5 Fevral 2026 10:52 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın Əbu-Dabidə “Sülh Qalxanı - 2026” birgə əməliyyat-taktiki hərbi təlimini birlikdə izləməsi Bakı və Əbu-Dabi arasındakı münasibətlərin artıq klassik tərəfdaşlıq çərçivəsindən çıxaraq strateji əməkdaşlıq mərhələsinə yüksəldiyini aydın şəkildə nümayiş etdirir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, bu təlim yalnız hərbi hazırlığın artırılması məqsədi daşımır, eyni zamanda regionda və daha geniş geosiyasi məkanda formalaşan yeni təhlükəsizlik arxitekturasının mühüm elementlərindən biri kimi çıxış edir:

“Təlimin məhz dövlət başçılarının iştirakı ilə keçirilməsi bu əməkdaşlığın institusional deyil, birbaşa siyasi iradə və strateji baxış əsasında formalaşdırıldığını göstərən mühüm məqamdır. Azərbaycan üçün belə birgə təlimlər, ilk növbədə, çoxşaxəli və balanslaşdırılmış təhlükəsizlik siyasətinin praktik təzahürüdür. Beləliklə də Azərbaycan öz milli təhlükəsizliyini hər hansı bir geosiyasi blokdan asılı hala salmadan regional və transregional tərəfdaşlıqlar üzərindən möhkəmləndirməyi əsas prinsip kimi qəbul edir.

BƏƏ ilə müdafiə sahəsində əməkdaşlıq da məhz bu strategiyanın tərkib hissəsidir. Diqqətçəkən məqamlardan biri də təlimin adıdır. Belə ki, “Sülh Qalxanı” anlayışı Azərbaycanın son illər formalaşdırdığı təhlükəsizlik fəlsəfəsini əks etdirir. Çünki dövlətimiz üçün güc amili sülhün, sabitliyin və suverenliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu yanaşma postmünaqişə dövründə Azərbaycanın revanşist ritorikadan uzaq, lakin milli maraqlarını qətiyyətlə müdafiə edən məsuliyyətli aktor kimi çıxış etdiyi bütün addımlarında da aydın şəkildə ifadə olunur. Digər tərəfdən isə Əbu-Dabinin ev sahibliyi etdiyi bu təlim, eyni zamanda, Cənubi Qafqazla Orta Şərq arasında formalaşmaqda olan yeni təhlükəsizlik dialoqunun konturlarını da göstərir.

BƏƏ-nin regional və qlobal miqyasda artan hərbi-siyasi çəkisi, Azərbaycanın isə son illərdə qazandığı real güc və nüfuz bu əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlığa çevirir. Nəticə etibarilə, bu təlim bir daha göstərir ki, Azərbaycan sülhü güc və balans üzərində qurulan strateji seçim kimi qəbul edir. Məhz bu yanaşma ölkəmizin həm regional sabitliyin qorunmasında, həm də qlobal təhlükəsizlik dialoqunda etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir”.