Soyuq havada dənizdə çimmək həqiqətən sağlamlıqdır? - HƏKİM AÇIQLADI

4 Fevral 2026 16:07 (UTC+04:00)

Xüsusilə soyuq havalarda bəzi insanlar buz kimi dənizə girirlər. Belə bir düşüncə var ki bu əslində sağlamlıqdır. Bəs, bu həqiqətən də sağlıqlıdırmı?

Məsələ ilə bağlı həkim Aydın Əliyev SİA-ya açıqlamasında bildirib ki, dəniz suyunun tərkibində çoxlu minerallar, mikroelementlər və faydalı duzlar mövcuddur ki, bu da onun insan bədəni üçün çox faydalı olmasını təmin edir:

"Dəniz suyuna daxil olduqda, bədən təxminən 5–10 dəqiqə ərzində bu yeni mühitə öyrəşir. Bu qısa müddət ərzində bədən daxilində dayanıqlı və hərəkətsiz olan hüceyrələr də aktivləşir, qan dövranı yaxşılaşır və ümumi metabolizm sürətlənir. Bu proses həmçinin dərinin, əzələlərin və sinir sisteminin stimullaşmasına kömək edir. Bədənimizin soyuğa dözümlü olması isə uşaq yaşlarından formalaşdırıla bilər. Uşaqları sistemli şəkildə soyuq havaya və suya öyrətmək, onların gələcəkdə xəstəliklərə qarşı daha dözümlü olmasını təmin edir. Bunun üçün nəm və soyuq dəsmallarla bədəni silmək, qısa müddətli soyuq duşlar qəbul etmək kimi üsullar çox faydalıdır. Belə tədbirlər bədənin temperatur tənzimləmə mexanizmini gücləndirir, immun sistemini möhkəmləndirir və orqanizmin ümumi müqavimətini artırır.

Lakin soyuq sudan istifadədə ehtiyatlı olmaq vacibdir. Bəzi insanlar üçün soyuq su həddindən artıq stres və sağlamlıq problemləri yarada bilər. Xüsusilə immun sistemi zəif olan, infeksion xəstəliklərlə mübarizə aparan və ya bədəndəki müxtəlif orqanlar arasında əlaqələri pozulmuş şəxslər üçün soyuq su təhlükəli ola bilər. Belə hallarda soyuq su ilə təmas xəstəliklərin ağırlaşmasına və ya yeni sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.

Buna görə də soyuq sudan düzgün və ölçülü şəkildə istifadə etmək çox vacibdir. İnsanlar bədənlərini soyuğa tədricən öyrətməli, sağlamlıq vəziyyətlərini nəzərə almalı və yalnız orqanizmin dözümlülüyünü artırdıqdan sonra daha sərt təcrübələrə müraciət etməlidirlər. Doğru yanaşma ilə soyuq su və dəniz suyunun istifadəsi bədənin güclənməsinə, xəstəliklərə qarşı müqavimətin artmasına və ümumi sağlamlıq səviyyəsinin yüksəlməsinə səbəb olur".