2025-ci ildə nəzarətçilər bazasında sertifikatlı şəxslərin payı əhəmiyyətli dərəcədə artıb - Adıgözəl Həbibov

4 Fevral 2026 15:21 (UTC+04:00)

2025-ci ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15 476 nəfərdən ibarət olub. Onlardan 4 600 nəfəri zal nəzarətçisi sertifikatı almış şəxslərdir ki, bu da ümumi bazanın 29,7 faizini təşkil edir.

SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov Dövlət İmtahan Mərkəzində imtahan rəhbərləri və nəzarətçilərinin mükafatlandırılması tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, sertifikatlı nəzarətçilərin ümumi nəzarətçi bazasındakı payı 2022-ci illə müqayisədə 17,7 faiz, 2023-cü illə müqayisədə 11,9 faiz, 2024-cü illə müqayisədə isə 3,9 faiz artıb.

Adıgözəl Həbibovun sözlərinə görə, ümumi təhsil müəssisələrindən cəlb edilən nəzarətçilər ümumi bazanın 82,2 faizini təşkil edir. Bu göstərici isə 2022-ci illə müqayisədə təxminən 10,8 faiz, 2023-cü illə müqayisədə 6,8 faiz, 2024-cü illə müqayisədə isə 2,5 faiz azalıb.

Şöbə müdiri qeyd edib ki, bu dinamika imtahanların idarə olunmasında peşəkarlığın və keyfiyyət meyarlarının ildən-ilə yüksəldiyini göstərir və gələcək dövrdə də nəzarətçi korpusunun daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.