"Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq strateji və hərtərəfli tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.
.jpg)
Onun sözlərinə görə, siyasi dialoqun intensivləşməsi, iqtisadi və enerji sahələrində iri miqyaslı layihələrin icrası, parlamentlərarası və humanitar əlaqələrin genişlənməsi bu münasibətlərin dərin və davamlı xarakter daşıdığını nümayiş etdirir: "İki ölkə arasında münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BƏƏ-yə iki rəsmi və beş işgüzar səfəri, eləcə də BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi və işgüzar səfərləri siyasi etimadın yüksək səviyyədə olduğunu göstərir.
Azərbaycan–BƏƏ münasibətlərində parlament diplomatiyası da fəal rol oynayır. Milli Məclisdə və BƏƏ Federal Milli Şurasında fəaliyyət göstərən dostluq qrupları, spikerlərin qarşılıqlı səfərləri və beynəlxalq parlament platformalarında birgə iştirak siyasi dialoqu tamamlayan mühüm komponentdir. Xüsusilə, 26-27 yanvar tarixlərində Milli Məclisin spikeri Sahibə xanım Qafarovanın BƏƏ-yə səfəri, onun qadın parlamentarilərin 2-ci forumunda iştirakı parlamentlərarası əməkdaşlıqda humanitar və sosial gündəliyin güclənməsinə xidmət edir.
İki ölkə arasında 50-dən artıq sənəd imzalanmışdır. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Memorandum, 2025-ci ildə qüvvəyə minmiş Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi və Birgə Strateji Bəyannamə münasibətlərin hüquqi-siyasi çərçivəsini yeni səviyyəyə çıxarmışdır. Yaxın perspektivdə Bakı və Əbu-Dabi şəhərləri arasında qardaşlaşma (twinning) münasibətlərinin qurulması da gözlənilir ki, bu da şəhərsalma və urbanizasiya sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq. “City within a City” kimi iri urbanizasiya layihələri, enerji saxlama sistemləri, bank sektoru və aqrar sahədə planlaşdırılan layihələr əməkdaşlığın şaxələndirildiyini göstərir. Xüsusilə Abşeron, Biləsuvar və Neftçala layihələri ilə “yaşıl enerji” gündəliyində BƏƏ-nin aparıcı rolu diqqət çəkir. COP29 çərçivəsində də bu ölkə ilə birgə təşəbbüslər reallaşdırılmışdı.
Azərbaycan–BƏƏ iqtisadi münasibətləri sürətlə inkişaf edir. 2025-ci ildə ticarət dövriyyəsinin 88 faizdən çox artması, ixracın iki dəfə yüksəlməsi bu dinamikanın bariz göstəricisidir. Hazırda Azərbaycanda yüzlərlə BƏƏ şirkəti fəaliyyət göstərir. Qarşılıqlı investisiyalar isə artıq milyardlarla dollarla ölçülür.
Enerji sektoru Azərbaycan–BƏƏ əməkdaşlığının əsas sütunlarından biridir. Masdar, ADNOC və SOCAR arasında imzalanmış sazişlər bərpa olunan enerji, neft-qaz hasilatı və beynəlxalq enerji bazarlarında birgə fəaliyyət üçün möhkəm zəmin yaradır. Abşeron yatağı, Cənub Qaz Dəhlizi və Abu-Dabidəki investisiyalar bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir.
Nəqliyyat sahəsində artan tranzit həcmləri, intensiv hava əlaqələri və turizm axını iki ölkə arasında fiziki və iqtisadi bağlantının gücləndiyini göstərir.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji, çoxşaxəli və uzunmüddətli tərəfdaşlıq modelinə çevrilmişdir. Siyasi etimad, güclü müqavilə-hüquqi baza, iri investisiya layihələri və ortaq qlobal gündəlik bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyini göstərir. Bu əməkdaşlıq həm regional, həm də qlobal miqyasda dayanıqlı inkişaf və qarşılıqlı fayda prinsiplərinə xidmət edən uğurlu model kimi çıxış edir".