Valyuta bazarında tarazlığın formalaşmasında həlledici əhəmiyyətə malik olan xarici sektor göstəriciləri hazırkı mərhələdə əlverişli səviyyədə qalmaqdadır.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında qeyd edib. Gömrük statistikası məlumatlarına əsasən, 2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsində 0,7 milyard ABŞ dolları həcmində müsbət saldo qeydə alınmışdır. İlkin qiymətləndirmələr göstərir ki, qızıl idxalı nəzərə alınmadıqda xarici ticarət balansında müsbət saldo 6,9 milyard ABŞ dollarını üstələmişdir.
Eyni zamanda, Azərbaycan Respublikası Mərkəzi Bankının yenilənmiş makroiqtisadi proqnozlarına uyğun olaraq, 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli qalacağı gözlənilir ki, bu da xarici mövqelərin dayanıqlılığının və valyuta bazarında sabitliyin qorunması baxımından mühüm göstərici kimi qiymətləndirilir.