Gürcüstanda “Qrantlar haqqında” Qanun sərtləşdirilib

3 Fevral 2026 20:34 (UTC+04:00)

Onbirinci çağırış Gürcüstan Parlamentinin yaz sessiyasının ilk iclasında “Qrantlar haqqında” Qanuna dəyişikliklər edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu dəyişiklərə əsasən, ölkədə qrantların verilməsi qaydaları sərtləşdirilib.

Layihədə bildirilir ki, qrant dedikdə Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir hissəsinə təsir göstərmək niyyəti və ya inancı ilə həyata keçirilən və ya həyata keçiriləcək fəaliyyətlər üçün istifadə edilən və ya istifadə edilə bilən nağd və ya natura şəklində verilən vəsait nəzərdə tutulur.

Hər hansı bir fiziki və ya hüquqi şəxs qrantı yalnız Gürcüstan Hökumətinin icazəsi ilə ala bilər.

Bildirilib ki, xaricdə qeydiyyatdan keçmiş və əsasən Gürcüstanda fəaliyyət göstərən bir təşkilat maliyyələşdirmə almaq üçün hökumətə müraciət etməlidir. Əks təqdirdə, cinayət məsuliyyətinə cəlb olunacaq.

Xarici bir güc, qeyri-rezident hüquqi şəxsin nümayəndəliyi, filialı və ya bölməsi, o cümlədən filialı olduğu hüquqi şəxsdən qrant alırsa, həmin filial qrant almaq üçün Gürcüstan hökumətinin əvvəlcədən razılığını almalıdır.

Bu filial tərəfindən razılıq olmadan qrant alınması həmin qrantın məbləğinin ikiqatı miqdarında cərimə şəklində inzibati məsuliyyətə səbəb olacaq.