Sosial şəbəkələrdə hansı paylaşımlar cinayət hesab olunur? - VƏKİL AÇIQLADI

3 Fevral 2026 17:10 (UTC+04:00)

Son illər sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bəzi hallarda burada paylaşılan informasiyalar ciddi hüquqi məsuliyyətə səbəb ola bilər. İnsanlar bilmədən və ya bilərəkdən paylaşdıqları məlumatlarla qanunla qarşı-qarşıya qala bilər. Bəs, konkret olaraq hansı paylaşımlar həbs cəzasına gətirib çıxara bilər? Sosial şəbəkələrdə hansı paylaşımlar cinayət hesab olunur?

Məsələ ilə bağlı vəkil Emil Aslanov SİA-ya açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklər xırda xuliqanlıq anlayışının məzmununun dəqiqləşdirilməsi və bu sahədə məsuliyyətin sərtləşdirilməsi məqsədi daşıyır:

”Əvvəlki redaksiyaya əsasən, fiziki şəxslərə qarşı zor tətbiq edilməsi və ya zor tətbiqi hədəsi, habelə özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmayan, lakin ictimai qaydanı pozan hərəkətlərə görə 50 manatdan 100 manata qədər cərimə, habelə hadisəni törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla 15 sutkayadək inzibati həbs cəzası nəzərdə tutulurdu.

Hazırkı redaksiyada isə mühüm terminoloji dəyişiklik aparılmışdır. Belə ki, “ictimai qaydanı pozan hərəkətlər” ifadəsi “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən söz və hərəkətlər” anlayışı ilə əvəz edilmişdir. Bu dəyişiklik hüquqpozmanın mahiyyətini daha konkret şəkildə ifadə etməyə xidmət edir.

Bununla yanaşı, xırda xuliqanlıqla bağlı maddəyə yeni bir əlavə edilmişdir. Yeni əlavəyə əsasən, internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin törədilməsi inzibati məsuliyyət yaradır. Buraya əxlaqsız ifadələrin səsləndirilməsi, bu məzmunu yaradan jestlərin edilməsi, eləcə də insan bədəninin və ya onun hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi aid edilir.

Qeyd olunan əməllərə görə 500 manatdan 1000 manata qədər məbləğdə cərimə tətbiq olunması nəzərdə tutulur. İşin hallarından və hüquqpozmanı törədən şəxsin şəxsiyyətindən asılı olaraq, cərimə cəzası kifayət hesab edilmədikdə 30 gün müddətinə qədər inzibati həbs də tətbiq edilə bilər.

Həmin inzibati xətanın eyni şəxs tərəfindən qanunun qüvvəyə mindiyi gündən etibarən bir il ərzində təkrar törədilməsi isə daha ağır məsuliyyətə səbəb olur. Belə halda 1000 manatdan 2000 manata qədər cərimə, yaxud işin hallarına və hüquqpozanın şəxsiyyətinə uyğun olaraq bu tədbirlərin kifayət sayılmadığı hallarda 1 aydan 2 ayadək inzibati həbs cəzası tətbiq edilir”.