Çin Dalay Lamanın “Qremmi” mükafatına görə qəzəblənib...

3 Fevral 2026 19:43 (UTC+04:00)

...Dalay Lama XIV (Tenzin Gyatso) “Meditasiyalar: Müqəddəs Dalay Lamanın düşüncələri” adlı audiokitabına görə ilk “Qremmi” mükafatını qazandı.

Qeyd edək ki, onun 90 yaşı var və mükafat onun harmoniya, xeyirxahlıq, eləcə də sülh mövzularına əsaslanan əsərlərini qiymətləndirdi.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Independent yazır.

Sosial mediada dərc olunan açıqlamada ruhani lider mükafatı “təvazökarlıq və minnətdarlıqla” qəbul edərək, bunu “bütün bəşəriyyətin ortaq məsuliyyətinin” tanınması kimi qəbul etdiyini vurğulayıb.

O, sülhün, şəfqətin, ətraf mühitə qayğının və insan birliyinin anlaşılmasının bütün bəşəriyyətin rifahı üçün əsas dəyərlər olduğunu vurğuladı.

Kitab, Dalay Lamanın 1959-cu ildən bəri sürgündə yaşadığı Hindistanda qeydə alınıb.

Layihədə bir neçə musiqiçi iştirak edib və musiqi əsəri Hindistan klassik ənənəsinin elementlərini özündə birləşdirir.

...Və Çin mükafatı kəskin şəkildə tənqid edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cianq Dalay Lamanı “separatçı fəaliyyətlərdə iştirak edən siyasi sürgün” elan edib və təşkilatçıları “Çin əleyhinə siyasi manipulyasiya”da günahlandırdı.

Mərasimdə musiqiçi Rufus Ueynrayt Dalay Lama adından mükafatı qəbul edərək layihədə iştirakını şərəf adlandırıb.

Bu mükafat 1989-cu ildə “Nobel” sülh mükafatı almış ruhani liderin beynəlxalq səviyyədə daha bir tanınması deməkdir.

Əli Babayev