“Bu Azərbaycan–BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin göstəricisidir” - ŞƏRH EDİLDİ

3 Fevral 2026 17:05 (UTC+04:00)

“Ölkə Prezidenti cənab İlham Əliyev hazırda Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə yüksək səviyyəli görüş keçirib. Görüş zamanı cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi böyük ehtiram və səmimiyyətlə qarşılanıb ki, bu da Azərbaycan dövlətinə və onun rəhbərinə göstərilən yüksək hörmətin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən mühüm iqtisadi və maliyyə mərkəzlərindən biri hesab olunur:

”Bu ölkənin Azərbaycanla əməkdaşlıqda maraqlı olması, ilk növbədə, ölkəmizin beynəlxalq arenada gündən-günə möhkəmlənən mövqeyi, artan nüfuzu və müstəqil siyasətinin uğurları ilə birbaşa bağlıdır. Azərbaycan regionda və dünyada etibarlı tərəfdaş kimi tanınır və bu etimad qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqların genişlənməsinə zəmin yaradır.

Azərbaycan hər zaman dostluq münasibətlərinə, qarşılıqlı maraqlara və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığa xüsusi önəm verir. Azərbaycanın həqiqətlərini qəbul edən, ölkəmizlə səmimi münasibətlər qurmaq istəyən bütün dövlətlərlə olduğu kimi, Birləşmiş Ərəb Əmirlikləri ilə də siyasi, iqtisadi, enerji, investisiya və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regional və qlobal sabitliyə də töhfə verir.

Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni şəhərlər və kəndlər salınır, infrastruktur layihələri icra olunur, həyat yenidən canlanır. Bu prosesdə Birləşmiş Ərəb Əmirliklərinin quruculuq və investisiya sahəsində iştirakı, eləcə də siyasi-diplomatik münasibətlərin daha da möhkəmləndirilməsi olduqca təqdirəlayiqdir. Bütün bunlar Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin göstəricisidir və gələcəkdə bu əlaqələrin daha da genişlənəcəyinə böyük ümid yaradır”.