Avropa İttifaqı körpə qidaları ilə bağlı hərəkətə keçdi

3 Fevral 2026 17:13 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) qida təhlükəsizliyinə cavabdeh qurumu körpə qidalarında aşkar edilən sereulid toksini üçün qəbul edilən hədd dəyərinin azaldılmasını tövsiyə edib. SİA xarici xəbər saytlarına istinadən məlumat verir ki, Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) körpə qidalarının geri çağırılması ilə gündəmə gələn sereulid (cereulide) toksini ilə bağlı apardığı risk qiymətləndirməsinə dair açıqlama yayımlayıb. Açıqlamada Bacillus cereus bakteriyası tərəfindən istehsal olunan bu toksinin aşkar edilməsindən sonra bir çox ölkədə müxtəlif körpə qidası məhsullarının geri çağırılmasının davam etdiyi xatırladılıb.

Bildirilib ki, Avropa Komissiyası bu mövzuda qəbul ediləcək qərarları dəstəkləmək məqsədilə EFSA-dan təcili elmi rəy istəyib. Bu çərçivədə EFSA körpələr üçün sereulid üzrə kəskin referens dozanı müəyyən edib və körpə qidalarında potensial təhlükəsizlik riski yarada biləcək sereulid konsentrasiyalarını müəyyənləşdirib.

Açıqlamada qeyd olunub ki, EFSA alimləri körpələr üçün sereulidin kəskin referens dozasını bədən çəkisinin hər kiloqramı üçün 0,014 mikroqram səviyyəsində tövsiyə ediblər.

Kəskin referens dozanın müəyyən edilməsində əsas kritik yan təsirin qusma olduğu vurğulanıb. Həmçinin 16 həftədən kiçik körpələrin maddələri böyüklərdən fərqli şəkildə metabolizə etdikləri üçün EFSA-nın bu məsələdə ehtiyatlı yanaşma sərgilədiyi bildirilib.