Səhnə şousu faciəyə çevrildi!

3 Fevral 2026 17:08 (UTC+04:00)

İspaniyanın paytaxtı Madrid şəhərində səhnə şousu zamanı ispaniyalı müğənni Delaossa təhlükəli hadisə ilə üzləşib.

SİA xarici xəbər saytlarına istinadən məlumat verir ki, daha çox rep janrında ifaları ilə tanınan sənətçi səhnə şousu nümayiş etdirmək istəyərkən təhlükəsizlik kəməri qopub və o, təxminən 20 metr yüksəklikdən yerə düşüb.

Hadisə zamanı Delaossa platformanın üzərində, 20 metr hündürlükdə olub və təhlükəsizlik kəməri vasitəsilə aşağı tullanmağı planlaşdırıb. Lakin şou planlaşdırıldığı kimi getməyib və kəmərin qopması nəticəsində müğənni yerə çırpılıb.

Tamaşaçılar arasında böyük panika yaranıb, dərhal hadisə yerinə tibbi heyət cəlb olunub. Bildirilib ki, ispaniyalı müğənninin çiyni çıxıb və ona ağrıkəsici iynə vurulub. Səhnədə az qala faciə yaşanmasına baxmayaraq, Delaossa konserti davam etdirib.