"Azərbaycan–BƏƏ münasibətləri strateji tərəfdaşlıq mərhələsinə keçir" - ŞƏRH EDİLDİ

3 Fevral 2026 16:50 (UTC+04:00)

"Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri Azərbaycan–BƏƏ münasibətlərinin artıq klassik diplomatik çərçivədən çıxaraq strateji tərəfdaşlıq səviyyəsində dərinləşdiyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bu səfər təkcə ikitərəfli əlaqələrin inkişafı deyil, eyni zamanda Azərbaycanın regional və qlobal miqyasda artan geosiyasi çəkisinin növbəti təzahürüdür: "İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan və BƏƏ arasında münasibətlər enerji əməkdaşlığı üzərində formalaşsa da, hazırda bu əlaqələr post-neft dövrünə uyğun şəkildə diversifikasiya olunur. BƏƏ-nin yaşıl enerji, süni intellekt, logistika, maliyyə və innovasiya sahələrindəki təcrübəsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyaları ilə üst-üstə düşür. Bu kontekstdə səfər Azərbaycanın iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi və dayanıqlı inkişaf modelinə keçid baxımından xüsusi əhəmiyyət daşıyır. Regional təhlükəsizlik prizmasından baxdıqda, səfər Yaxın Şərq–Cənubi Qafqaz xəttində yeni siyasi koordinasiyanın formalaşdığını göstərir. Azərbaycan artıq yalnız region daxili aktor deyil, daha geniş coğrafiyada etibarlı tərəfdaş kimi qəbul olunur. BƏƏ kimi nüfuzlu və balanslı xarici siyasət yürüdən dövlətlə münasibətlərin yüksək səviyyədə saxlanılması Bakının beynəlxalq manevr imkanlarını genişləndirir və onun diplomatik mövqelərini gücləndirir. Eyni zamanda bu səfər Azərbaycanın çoxtərəfli diplomatiya kursunun davamı kimi də dəyərləndirilməlidir. Prezident İlham Əliyevin fərqli siyasi, mədəni və iqtisadi modellərə malik dövlətlərlə praqmatik münasibətlər qurması ölkənin xarici siyasətində ideoloji deyil, milli maraqlara əsaslanan xəttin aparıldığını bir daha nümayiş etdirir. BƏƏ ilə əlaqələr bu baxımdan qarşılıqlı etimada və uzunmüddətli strateji baxışa söykənir.

Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri Azərbaycan–BƏƏ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin təkcə ikitərəfli deyil, regional və qlobal miqyasda da əhəmiyyət kəsb etdiyini göstərir. Bu səfər Azərbaycanın enerji diplomatiyasından kənara çıxaraq, təhlükəsizlik, investisiya və gələcək iqtisadi modellər üzərində qurulan strateji tərəfdaşlığa keçidinin açıq göstəricisi kimi qiymətləndirilməlidir".