“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1990-cı illərin əvvəllərindən etibarən bir sıra ölkələrlə diplomatik münasibətlərin qurulmasına xüsusi önəm verdi. Bu ölkələr sırasında qonşu İran İslam Respublikası da yer alırdı.
İki dövlət arasında qarşılıqlı diplomatik əlaqələr formalaşdı, yüksək səviyyəli səfərlər həyata keçirilməyə başlandı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən xarici siyasəti Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmasına, regional sabitliyin qorunmasına mühüm töhfə verirdi:
“Həmin dövrdə Azərbaycan ağır bir mərhələ yaşayırdı – torpaqlarımız Ermənistan tərəfindən işğal olunmuşdu. Buna baxmayaraq, Azərbaycan regionda sülhün və əməkdaşlığın tərəfdarı kimi çıxış edir, qonşu dövlətlərlə, o cümlədən İranla münasibətlərin normal və qarşılıqlı hörmət əsasında qurulmasında maraqlı olduğunu nümayiş etdirirdi.
Azərbaycan torpaqlarını işğaldan azad etdikdən və öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra isə İran tərəfindən müəyyən xoşagəlməz addımlar atıldı ki, bu da ikitərəfli münasibətlərdə müəyyən gərginliklərə səbəb oldu. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi hər zaman konstruktiv mövqe sərgilədi. Ali Baş Komandan, Prezident İlham Əliyevin müharibədən sonra Xudafərin körpüsünü “dostluq və qardaşlıq körpüsü” adlandırması Azərbaycanın xoş niyyətinin və mehriban qonşuluq siyasətinə sadiqliyinin bariz nümunəsi oldu.
Rəsmi Tehran da öz siyasətində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Xüsusilə İranda Məsud Pezeşkianın prezident seçilməsindən sonra Azərbaycan–İran münasibətlərində müsbət dinamika müşahidə olunmağa başladı. İran prezidentinin Azərbaycana rəsmi səfəri zamanı bu xoş münasibət açıq şəkildə hiss olundu və iki ölkə arasında dialoqun yeni mərhələyə qədəm qoyduğu aydın sezildi.
Azərbaycan dəfələrlə açıq və qəti şəkildə bəyan edib ki, onun ərazisindən İrana və ya digər qonşu dövlətlərə qarşı heç bir təhdid yarana bilməz. Azərbaycan heç vaxt qonşu ölkələrə qarşı neqativ və ya düşmən mövqedən çıxış etməyib və bu, dövlətimizin dəyişməz siyasi xəttidir. Bununla belə, İranda müəyyən qeyri-adekvat qüvvələrin mövcud olduğu da hər kəsə məlumdur. Bu qüvvələr iki ölkə arasındakı münasibətlərə kölgə salmağa, süni gərginlik yaratmağa maraqlı görünürlər.
Ümumilikdə isə bu gün Azərbaycan–İran münasibətləri normal və sabit məcradadır. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini dəfələrlə açıq və birmənalı şəkildə ifadə edib: Azərbaycan İranda hər hansı bir problemin yaranmasında maraqlı deyil və əksinə, bu ölkə ilə dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin inkişafını dəstəkləyir. Zaman keçdikcə iki ölkə arasındakı əlaqələrin siyasi, iqtisadi və humanitar sahələrdə daha da genişlənəcəyi və möhkəmlənəcəyi gözlənilir”.