Miras sahiblərinin borca görə məsuliyyəti: qanun nə deyir? - AÇIQLANDI

3 Fevral 2026 15:36 (UTC+04:00)

“Vəfat edən şəxsin kredit borcu mövcud olduqda, bank da borcun ödənilməsi üçün tədbir görür. Lakin, əgər vərəsələr mirası qəbul etmirsə və şəxsin əmlakı mövcud deyilsə, borc bank tərəfindən silinə bilər”.

Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.

O bildirib ki, borclu vəfat etdikdə onun krediti, bank qarşısında daşıdığı öhdəlikləri və digər borcları avtomatik olaraq silinmir:

“Bu proses Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələri və Konstitusiya Məhkəməsinin Plenumunun 4 iyun 2018-ci il tarixli qərarı ilə tam formalaşdırılmış hüquqi çərçivəyə malikdir.

Mülki Məcəllənin 470, 472, 1146, 1255 və 1306-cı maddələrinə əsasən, borclunun ölümündən sonra yaranan borc məsuliyyəti birbaşa vərəsəlik münasibətləri ilə əlaqələndirilir. Qanunvericilik miras sahiblərinin və kreditorun (bankın) hüquqlarını balanslaşdırmaq üçün konkret öhdəlik bölgüsü müəyyən edir.

Vərəsələrin məsuliyyətini Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il tarixli qərarında bu məsələni belə şərh edir:Mirası qəbul etmiş vərəsələr, miras açıldığı gündən onlara çatan miras payı həcmində mərhumun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Yəni vərəsə mirası qəbul edibsə, miras payı qədər borca cavabdeh sayılır.
Əgər vərəsə mirası qəbul etməyibsə, borca görə məsuliyyət daşımır.

Konstitusiya Məhkəməsi bu məsələdə bir məqamı xüsusi vurğulayır: mirası qəbul edən vərəsələr faktiki olaraq mərhumun öhdəlikləri üzrə borcluya çevrilirlər. Buna görə də kreditorun (bankın) ilk müraciət etməli olduğu tərəf məhz vərəsələrdir.

Mülki Məcəllənin 1255 və 1306-cı maddələri, habelə Konstitusiya Məhkəməsinin qərarına əsasən:-
- Vərəsələr borcu ödəməkdən yayınırsa,
- Öhdəliyi vaxtında və düzgün icra etmirlərsə,
- Vərəsəyə çatan mirasın dəyəri borcu ödəməyə kifayət etmir. Bu halda kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır.
Belə olan halda zaminliyin taleyi borclunun ölümü ilə dəyişmir.

Yəni, borclu vəfat etsə belə, zaminin öhdəliyi avtomatik olaraq xitam verilmir. Zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.

Zaminin cavabdehlik həcmi vərəsənin mirası çatan payı ilə məhdudlaşmır. Zamin öhdəliyi müqavilədə necə qeyd olunubsa, həmin qaydada davam edir”.

Ayşən Vəli