“BƏƏ kapitalı Azərbaycanın sənaye və yaşıl enerji inkişafını gücləndirir“ - ŞƏRH OLUNDU

3 Fevral 2026 12:40 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü ikitərəfli münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər”.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, bu görüş Azərbaycan- BƏƏ əlaqələrinin artıq klassik diplomatik münasibətlər çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi:

“İlk növbədə, bu cür yüksək səviyyəli qarşılıqlı səfərlər siyasi dialoqun davamlılığını təmin edir. Liderlər arasında formalaşmış etimad mühiti regionda baş verən proseslərə dair mövqelərin uzlaşdırılmasına, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsinə şərait yaradır. Azərbaycanın Yaxın Şərq regionunda etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi məhz bu cür təmaslar vasitəsilə reallaşır.

Görüşün mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıq və investisiya məsələləridir. BƏƏ-nin böyük maliyyə imkanlarına malik olması, eyni zamanda Azərbaycanın sabit iqtisadi mühit və strateji layihələr təklif etməsi qarşılıqlı maraqları üst-üstə salır. Enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, xüsusilə “Cənub Qaz Dəhlizi” kimi qlobal əhəmiyyətli layihələrdə tərəfdaşlığın dərinləşdirilməsi, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində rolunu daha da gücləndirir.

Bununla yanaşı, qeyri-neft sektoruna yatırımlar da mühüm töhfə hesab olunur. BƏƏ kapitalının sənaye, logistika, bərpa olunan enerji və infrastruktur layihələrinə cəlb edilməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə və dayanıqlı inkişafına xidmət edir. Bu, həm də yeni iş yerlərinin açılması və texnologiyaların transferi baxımından əhəmiyyətlidir.

Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq da diqqət çəkən məqamlardandır. Regional və qlobal çağırışların artdığı bir dövrdə dost və tərəfdaş ölkələrlə bu istiqamətdə əməkdaşlıq Azərbaycanın təhlükəsizlik arxitekturasını möhkəmləndirir. Təcrübə mübadiləsi və koordinasiya imkanları ordunun peşəkarlıq səviyyəsinə müsbət təsir göstərir.

Humanitar və mədəni əlaqələrin inkişafı isə münasibətlərin uzunmüddətli və davamlı xarakter almasına zəmin yaradır. Təhsil, turizm və mədəni mübadilə sahələrində əməkdaşlıq xalqlar arasında yaxınlaşmanı gücləndirir.

Sadalananları nəzərə alaraq demək olar ki, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri və keçirilən görüşlər Azərbaycan üçün siyasi nüfuzun artması, iqtisadi imkanların genişlənməsi və strateji tərəfdaşlığın dərinləşməsi baxımından mühüm töhfələr vəd edir”.