Biləsuvarda valideynlərə narkotik asılılığı problemində ailələrin rolu barədə məlumat verilib - FOTOLAR

3 Fevral 2026 10:44 (UTC+04:00)

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.

Bu barədə SİA-ya İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər.

Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və “Valideynlər üçün tövsiyə” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.