Türkiyə jandarma qüvvələri çoxməqsədli helikopterlərlə təchiz olunur

2 Fevral 2026 18:22 (UTC+04:00)

Türkiyənin jandarma qüvvələrinin komandanlığına yerli istehsal olan “T625 Gökbey” çoxməqsədli helikopterinin sayca beşincisi təhvil verilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələrinin aviasiya parkının genişləndirilməsi barədə məlumatı fevralın 2-də ölkənin daxili işlər naziri Ali Yerlikaya verib. Nazir sosial şəbəkələrdə helikopterin videosunu paylaşaraq “Biz xoşbəxtik və qürur duyuruq”, – deyə bildirib.

“T625 Gökbey”in yaradılması üzrə layihəyə 2013-cü ildə start verilib. Helikopterin təqdimatı 2014-cü ilin sentyabr ayının əvvəlində Ankarada keçirilib. Prototipin ilk uçuşu 6 sentyabr 2018-ci ildə uğurla həyata keçirilib və artıq bir il sonra “T625 Gökbey” Türkiyənin Mülki Aviasiya Baş İdarəsi tərəfindən sertifikatlaşdırılıb.

Türkiyə istehsalı olan ilk seriyalı çoxməqsədli helikopter 2024-cü ilin oktyabrında Türkiyənin Jandarma Baş Komandanlığının istifadəsinə verilib.