İnsan bəzən çox düşünür, amma az hiss edir. Bəzən də ürəyi ilə gedir, ağlını yolda qoyur. Halbuki həyat nə təkcə hesabdır, nə də yalnız hiss. Düşüncə ağlı təmsil edir, ölçür-biçir, riskləri göstərir. Qəlb isə istiqaməti seçir , haraya getdiyimizi, nəyin bizi çağırdığını pıçıldayır.
Ağıl bizə “necə yaşamalı” sualının cavabını verir. Qəlb isə “niyə yaşamalı” deyə soruşur. Ağıl təhlükədən qoruyur, qəlb isə mənasız təhlükəsizliyə razı olmur. Elə buna görə də insan çox vaxt daxili mübarizə yaşayır: rahatlıqla həqiqət, qorxu ilə cəsarət, məntiqlə vicdan üz-üzə gəlir.
Bu gün cəmiyyət daha çox düşünməyə çağırır, amma hiss etməyi ayıb sayır. Emosiyalar zəiflik kimi təqdim olunur, qəlb isə susdurulur. Halbuki susan qəlb zamanla insanı istiqamətsiz buraxır. Harada olduğumuzu bilirik, amma niyə orada olduğumuzu unuduruq.
Düşüncə bizi ayaqda saxlayır, qəlb isə yolda qalmağımıza icazə vermir. Qəlb olmayan yerdə uğur belə boş görünür. İnsan zirvəyə çıxa bilər, amma içində sükut yoxdursa, o zirvə küləkli və soyuqdur. Əksinə, bəzən maddi olaraq itiririk, amma qəlbimiz doğru yerdədirsə, içimizdə qəribə bir rahatlıq olur.
Ən sağlam seçimlər ağıl ilə qəlbin razılaşdığı anlardır. Düşüncə yolu çəkir, qəlb o yola ruh verir. Biri olmadan o biri ya kor olur, ya da məqsədsiz. İnsan məhz bu tarazlıqda bütövləşir.
Bəlkə də problem çox düşünməyimiz deyil. Bəlkə problem qəlbimizi çoxdan dinləməməyimizdir.
Çünki düşüncə ağlıdır.
Qəlb isə istiqaməti göstərən yeganə pusuladır.
İçimizdəki qəlb səslərinə qulaq asmaq insanı yalnız doğru istiqamətə aparmır, həm də həyatın gözəlliklərini daha dərindən görməyə imkan verir. Hər bir duyğu, hər bir instinkt, hər bir içdən gələn pıçıldayış bir xəbərdarlıqdır: “Burada dayanma, ya da bu yolu seç.” Biz çox vaxt ağlımızı üstün tuturuq, amma qəlb bəzən ən dərin həqiqətləri fısıldayır.
Qəlb və düşüncə arasında tarazlıq yarada bilən insan isə həm məqsədinə çatır, həm də səyahətini hiss etməyi bacarır. Həyatın hər mərhələsində ağılın planlarına qəlbin impulslarını qatmaq, insanın yalnız uğur qazanmasını deyil, həm də xoşbəxt yaşamasını təmin edir. Elə bu səbəbdən qəlb istiqamət, düşüncə isə ağıl olaraq bir-birini tamamlayır”.