“Azərbaycan üçün ABŞ ilə əlaqələr strateji əhəmiyyət daşıyır“ - ŞƏRH OLUNDU

2 Fevral 2026 15:59 (UTC+04:00)

“Azərbaycanın xarici siyasətinin müasir dövrdəki istiqamətləri, xüsusilə ABŞ və digər strateji tərəfdaşlarla münasibətlərin inkişafı kontekstində diqqətəlayiqdir”. Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, liderlər səviyyəsində keçirilən görüşlər, həmçinin bu görüşlərin vizual və medial təsviri, Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir:

“Azərbaycan üçün ABŞ ilə əlaqələr yalnız siyasi deyil, həm də strateji əhəmiyyət daşıyır. ABŞ rəhbərliyi və Tramp dövründə Azərbaycan regionda etibarlı və güvənilir tərəfdaş kimi qiymətləndirilmişdir. Bu qiymətləndirmə, Azərbaycanın sülhə meyilli xarici siyasət kursu ilə də üst-üstə düşür və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Azərbaycan və Vaşinqton arasında əməkdaşlığın prioritet sahələri qarşılıqlı gözləntilərə uyğun müəyyən edilir ki, bu da iki ölkə üçün strateji əhəmiyyət kəsb edir.

Diplomatik kanalların münasibətlərin inkişafında rolu əhəmiyyətlidir. Məsələn, 30 yanvar tarixində Azərbaycan Xarici İşlər Nazirliyinin müavini Elmir Məmmədov ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin üzvləri arasında keçirilən görüşdə Cənubi Qafqazda mövcud vəziyyət, regiondakı potensial addımlar və digər önəmli məsələlər müzakirə edilmişdir. Bu görüşlər, iki ölkə arasında dialoqun davamlılığını və möhkəmlənməsini təmin edən əsas mexanizmlərdən biridir.

Bununla yanaşı, Azərbaycan Prezidentinin İsrail və digər Yaxın Şərq ölkələri ilə qurduğu münasibətlər də ölkənin regionda nüfuzunun göstəricisidir. Türk dünyasında xüsusi çəkisi və hörməti olan Azərbaycan, yaxın tarixdə işğal altında olan torpaqlarını azad edərək müharibədə qələbə qazanan nadir dövlətlərdən biri kimi diqqət çəkir. Enerji resurslarının mövcudluğu isə Azərbaycan üçün əlavə strateji üstünlük təmin edir.

Amerika ilə Azərbaycan arasındakı çoxşaxəli münasibətlər geniş spektrdə, dairəvi şəkildə müzakirə olunur və bu əməkdaşlıq həm siyasi, həm strateji, həm də iqtisadi baxımdan qarşılıqlı fayda təmin edir”.