Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim Bəxtiyar Musayev, Ürək-damar cərrahiyyəsi şöbəsinin rəisi, uzman ürək-damar cərrahı Elməddin Əliyev və Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı Dr.Mircəlal Kazımi və transplantoloq Kamran Beydullayev 31 yanvar 2026-cı il tarixində “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən elmi-praktiki dəyirmi masada iştirak ediblər.
Tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin rəhbəri Yeganə Abbasova çıxış ediblər. Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., Səhiyyə əlaçısı, dr. Mircəlal Kazımi tədbirdə moderator qismində iştirak edib.
Tədbiri açan Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev Qafqazda ilk ürək transplantasiyasının Azərbaycan səhiyyəsinin tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin bu sahədə regional liderliyini bir daha təsdiqlədiyini vurğulayıb. O bildirib ki, 2025-ci ildə iki uğurlu ürək transplantasiyasının icrası Azərbaycanın Qafqaz regionunda donor orqandan ürək transplantasiyası sahəsində lider mövqeyini möhkəmləndirib və bu əməliyyatlar region üçün bir ilk kimi tibb tarixinə düşüb.
Elmi-praktiki dəyirmi masa çərçivəsində Qafqazda ilk ürək transplantasiyasının icrası ilə bağlı əldə olunan təcrübə, bu sahədə formalaşdırılmış hüquqi və institusional baza, koordinasiya mexanizmləri, eləcə də gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Vurğulanıb ki, bu nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş səhiyyə strategiyası dayanır və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar, Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanda orqan transplantasiyası kimi yüksək texnologiya və peşəkarlıq tələb edən əməliyyatlar uğurla icra olunur. Müzakirələr zamanı beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradılması, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin fəaliyyəti, vahid rəqəmsal sistemin tətbiqi, donor və resipientlərin qeydiyyatının şəffaf aparılması, etik prinsiplərə nəzarət, tibbi heyətin hazırlığı və transplantasiya sisteminin dayanıqlı inkişafı üçün aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin vacibliyi xüsusi olaraq qeyd edilib.