"Sabah" klub tarixinin rekordunu təkrarlayıb.
SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVIII turunda gerçəkləşib.
"Zirə"ni səfərdə 3:1 hesabı ilə üstələyən "bayquşlar" çempinatda ardıcıl yeddinci qələbəsini qazanıb.
Komanda bunadək "İmişli" (3:0), "Neftçi" (2:0), "Turan Tovuz" (3:1), "Qarabağ" (2:1), "Sumqayıt" (3:1) və "Karvan-Yevlax"ı (4:1) məğlub edib.
"Sabah" Premyer Liqada ən uzun qələbə seriyasına 2022-ci ildə imza atıb. Həmin vaxt da komanda ardıcıl 7 dəfə qalib gəlib. 2022/2023 mövsümünün ilk yarısındakı seriya dövründə 17 qol vuran paytaxt klubu 4 top buraxıb. Bu dəfə isə top fərqi 20-5-dir.
"Sabah" həm də ardıcıl 3-cü matçda 3 və ya daha çox qol vurub. Bu da klubun Premyer Liqadakı rekordunun təkrarıdır. Bakı təmsilçisi 2021/2022 mövsümünün ilk yarısında "Sumqayıt" (3:0), "Qəbələ" (3:1) və "Zirə" (3:3) ilə qarşılaşmalarda məhsuldarlıq göstərib.