Dövlət Yanğından Mühafizə Xidmətində ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub - FOTOLAR

2 Fevral 2026 11:34 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli ötən il baş vermiş yanğın hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlər və cari il üçün qarşıda duran məsələlər haqqında ümumi məlumat verib.

Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev çıxış edərək baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması zamanı ilkin və ardıcıl məlumat mübadiləsinin, hadisələrə çevik reaksiyavermənin, yanğın hadisələrinin operativ söndürülməsinin təşkili məsələlərindən danışıb.

Çıxış edənlər bildiriblər ki, ötən il ərzində respublikanın şəhər və rayonlarında yanğından mühafizə bölmələrinin fəaliyyəti və ərazilərin yanğına qarşı əməliyyat şəraiti gündəlik nəzarətə götürülərək, baş vermiş yanğınların operativ qaydada söndürülməsi üçün müvafiq təxirəsalınmaz əməliyyat tədbirləri görülüb. Bundan başqa, döyüş hesabında olan texnika və vasitələrin sazlığının daim diqqətdə saxlanılmasının xidmətin təşkili üçün zəruriliyi də vurğulanıb.

Müşavirədə cari il ərzində xidmətin yüksək səviyyədə saxlanılması və qarşıda duran digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.