“Tikinti sahəsində vətəndaşların hüquqlarını qoruyan real mexanizmlər yaradılmalıdır” - Razi Nurullayev

2 Fevral 2026 11:20 (UTC+04:00)

“Hazırkı iqtisadi və tikinti qanunvericiliyi vətəndaşların hüquqlarını tam şəkildə qoruya bilmir. Bu sahədə real nəticə verən konkret mexanizmlərin yaradılmasına ciddi ehtiyac var”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, ilk növbədə tikinti işlərinin maliyyə təminatı ilə bağlı aydın mexanizmlər formalaşdırılmalıdır. Onun sözlərinə görə, tikintiyə başlamazdan əvvəl şirkətlər tərəfindən bank zəmanəti və ya sığorta təminatının təqdim edilməsi məcburi olmalı, layihənin tamamlana bilməsinə dair maliyyə təminatı öncədən təsdiqlənməlidir.

Razi Nurullayev vurğulayıb ki, vətəndaşların ödədiyi vəsaitin qorunması əsas prioritetlərdən biri olmalıdır: “Alıcıların ödədiyi pullar birbaşa tikinti şirkətlərinin istifadəsinə verilməməli, nəzarət olunan eskrou hesablarında saxlanılmalı və tikintinin mərhələlərinə uyğun şəkildə açılmalıdır”.

Deputat tikinti şirkətlərinin rəhbərliyinin şəxsi məsuliyyətinin artırılmasının vacibliyini də qeyd edib. O bildirib ki, vəsaitin təyinatdan kənar istifadəsi, dələduzluq və öhdəliklərin yerinə yetirilməməsi hallarında rəhbər şəxslərə qarşı ciddi hüquqi və inzibati məsuliyyət tədbirləri tətbiq olunmalı, bu cür hallara yol verənlər üçün uzunmüddətli fəaliyyət qadağaları və sərt sanksiyalar nəzərdə tutulmalıdır.

Çıxışında dövlət nəzarətinin gücləndirilməsinə də toxunan Razi Nurullayev riskli tikinti layihələri üçün məcburi sığorta və əlavə təminat mexanizmlərinin tətbiq edilməsini, müvafiq icra orqanlarının yoxlama və monitorinq səlahiyyətlərinin genişləndirilməsini zəruri hesab edib.

Deputat həmçinin zərərçəkmiş vətəndaşlar üçün sürətli və effektiv hüquqi mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb: “Tikinti şirkətləri öhdəliklərini yerinə yetirmədiyi hallarda vətəndaşlara dəstək məqsədilə dövlət tamamlayıcı fondu və hüquqi yardım mexanizmi formalaşdırılmalıdır”.

Razi Nurullayev bildirib ki, hazırda minlərlə vətəndaş tikinti layihələri ilə bağlı çətin vəziyyətdədir və mövcud hüquqi mexanizmlər onların problemlərini operativ həll edə bilmir. Onun sözlərinə görə, tikinti layihələrinin planlaşdırılması və icrası zamanı vətəndaş hüquqlarının dərhal qüvvəyə minməsi təmin olunmalıdır.

Deputat çıxışının sonunda qeyd edib ki, Mülki Məcəlləyə və Şəhərsalma və Tikinti Məcəlləsinə dair kompleks qanunvericilik paketi hazırlanmalı və qəbul edilməlidir: “Bu dəyişikliklər həm vətəndaşların hüquqlarının qorunmasına, həm də tikinti sektorunda şəffaflığın və etimadın artırılmasına xidmət edəcək”.