“Azərbaycan bu gün dünyada etibarlı və söz sahibi olan dövlət kimi tanınır” - Tahir Rzayev

2 Fevral 2026 11:16 (UTC+04:00)

“Azərbaycan xalqı və dövləti üçün düşünülmüş, tarixi əhəmiyyət daşıyan və unudulmaz hadisələrlə yadda qalan bir dövrdən keçirik. Cənab Prezidentin fəal siyasi fəaliyyəti, sülhə, əmin-amanlığa və quruculuğa verdiyi töhfələr ölkəmizin iqtisadi inkişafını sürətləndirmiş, milli həmrəyliyimizi möhkəmləndirmiş, xalqımızın siyasi birliyini daha da gücləndirmişdir”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Rzayev parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, birgə icra olunan dövlət proqramları, mühüm layihələr, beynəlxalq tədbirlər və görüşlər, şəhər və kəndlərdə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri ictimai-siyasi və mənəvi həyatımıza mühüm töhfələr verib.

Tahir Rzayev qeyd edib ki, dövlət başçıları səviyyəsində keçirilən mühüm görüşlər, beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, regional sülh təşəbbüsləri və qəbul edilən strateji sənədlər ölkəmizin gələcəyə yönəlmiş siyasi baxışını aydın şəkildə nümayiş etdirir: “Bu istiqamətdə atılan ardıcıl addımlar və əldə olunan nəticələr tariximizdə qürurverici səhifələr kimi qalacaq”.

Deputat vurğulayıb ki, Prezidentin sülhə, beynəlxalq dəyərlərə və insanlıq prinsiplərinə sadiqliyi yüksək beynəlxalq qiymətini alıb: “Cənab Prezidentin 2026-cı il üçün təsis edilmiş nüfuzlu beynəlxalq mükafata layiq görülməsi Azərbaycan dövlətinə və xalqına göstərilən böyük hörmət və etimadın göstəricisidir”.

Onun sözlərinə görə, beynəlxalq liderlərin və ictimai-siyasi xadimlərin ölkəmizə artan diqqəti Azərbaycanın regionda və dünyada etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir: “Rəhbərliyin uzaqgörən siyasəti sülhə, sabitliyə və davamlı inkişafa verilən önəmin bariz nümunəsidir”.

Çıxışında Milli Məclisin fəaliyyətinə də toxunan Tahir Rzayev bildirib ki, əldə olunan uğurlarda parlamentin rolu xüsusi əhəmiyyət kəsb edir. Deputat yaz sessiyasının başlanması münasibətilə həmkarlarını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.